Atomların ritmi

“Əgər təbiətin dərinliklərində həyata keçən işlərin mürəkkəbliyi dünyanın ən zəki beyinləri tərəfindən belə, çətin başa düşülürsə bu işlərin yalnız bir qəza və ya bir kortəbii təsadüf əsəri olduğunu necə düşünə bilərik?” (Fizika professoru Pol Devis)

 

Biq Bənq elm adamlarının hesablamalarına görə, dövrümüzdən təxminən 17 milyard il əvvəl baş verdi. Hal-hazırda kainatı meydana gətirən bütün maddələr, əvvəlki hissələrdə araşdırdığımız kimi: "yoxdan yaradıldı" və fövqəladə tarazlıq içində müəyyən forma aldı. Lakin Biq Bənqdən sonra yaranan kainat hal-hazırda yaşadığımız kainatdan olduqca fərqli bir yer ola bilərdi.


Məsələn, əvvəlki fəsildə toxunduğumuz dörd əsas qüvvənin qiyməti bir az fərqli olarsa, kainat yalnız radiasiyadan ibarət ola bilərdi. Qarışıq işıqlardan ibarət olacaq bu kainatda, əlbəttə ki, qalaktikalar, ulduzlar, planetlər və biz insanlar ola bilməzdik. Lakin dörd əsas qüvvənin görünməmiş dərəcədə mükəmməl şəkildə yaradılması sayəsində Biq Bənqdən sonra bu gün "maddə" adlandırdığımız şeyin əsas elementi olan atomlar meydana gəldi.


Elm adamlarının ortaq qənaətinə görə, böyük partlayışdan keçən ilk 14 saniyə ərzində kainatın ən sadə iki atomu meydana gəlməyə başladı: hidrogen və helium. Böyük partlayışdan sonra kainatın temperaturu sürətlə azalıb maddə böyük sürətlə ətrafa dağılmağa başladığı bir vaxtda, hidrogen və helium atomları meydana gəldi. Digər bir sözlə, böyük partlayışdan sonra yaranan "ilkin kainat", yalnız hidrogendən və heliumdan ibarət bir "qaz yığını" idi. Əgər kainat həmişə belə qalsaydı, içində həyat ola bilməzdi. İçində heç bir ulduz, planet, daş, torpaq, ağac və insan da ola bilməzdi. Təkcə boşluq içində hərəkət edən iki növ qazdan ibarət bir kainat, yəni ölü bir kainat olardı.


Bəs necə oldu ki, yalnız qazlardan ibarət olan bu kainatın içində daha ağır elementlər, məsələn, bütün canlı həyatının ən əsas elementi olan karbon meydana gəldi?
Bu sualı araşdıran elm adamları XX əsrin ən heyrətamiz elmi kəşflərindən biri ilə qarşılaşdılar.

 

Elementlərin quruluşu
Kimya, maddənin daxili quruluşunu araşdıran elm sahəsidir. Kimyanın təməli isə dövri cədvəldir. İlk dəfə rus kimyaçısı Dmitri İvanoviç Mendeleyev tərəfindən hazırlanmış dövri cədvəl Yerdə olan elementlərin atom quruluşuna görə tərtib olunmuşdur. Dövri cədvəlin ən başında hidrogen gəlir. Çünki hidrogen bütün elementlərin ən sadəsidir. Nüvəsində tək bir proton var. Bu protonun ətrafında isə tək bir elektron fırlanır.
Protonlar - atomların nüvələrində yerləşən və müsbət (+) elektrik yükünə malik zərrəciklərdir. Hidrogendə tək bir proton olduğu halda, dövri cədvəldə ikinci yerdə gələn heliumda iki proton var. Karbonun altı, oksigenin səkkiz protonu var. Nüvələrindəki proton sayına görə, elementlər bir-birlərindən fərqlənirlər.
Atom nüvəsində protonla yanaşı yerləşən digər bir zərrəcik də, neytrondur. Neytronların elektrik yükü yoxdur: onsuz da "neytron" sözü elə "yüksüz" mənasını verir.


Atomu əmələ gətirən üçüncü əsas zərrəcik isə mənfi (-) elektrik yükünə malik elektronlardır. Elektronlar digər iki zərrəciyin əksinə nüvədə deyil, nüvədən kənarda yerləşirlər. Hər atomda, nüvədəki proton sayı qədər elektron olar. Əks elektrik yükləri bir-birlərini cəzb etdikləri üçün, elektronlar nüvədəki protonlar tərəfindən cəzb edilir, lakin sürətləri vasitəsilə buna müqavimət göstərirlər.
Elementlər, bir qədər əvvəl də ifadə etdiyimiz kimi, atomlarının quruluşu etibarilə bir-birindən fərqlənirlər. Bir hidrogen atomunu dəmirdən ayıran fərq onun proton və elektron sayının 1, dəmirinkinin isə 26 olmasıdır.


İşin mühüm tərəfi isə elementləri bir-birinə çevirməyin təbii dünya şəraitində qeyri-mümkün olmasıdır. Çünki bir elementin digər bir elementə çevrilməsi üçün nüvəsindəki proton sayı dəyişməlidir. Halbuki protonlar kainatdakı ən böyük fiziki güc olan güclü nüvə qüvvəsi tərəfindən bir-birlərinə bağlanırlar və ancaq "nüvə" reaksiyaları vasitəsilə yerlərindən tərpədilə bilərlər. Lakin təbii dünya şəraitində baş verən bütün reaksiyalar, elektron alış-verişinə əsaslanan və nüvəyə təsir göstərməyən kimyəvi reaksiyalardır.


Əlkimya orta əsrlərdə çox geniş yayılmış bir məşğuliyyətdir. Əlkimyaçılar yuxarıda ifadə etdiyimiz həqiqəti bilmədikləri üçün, həmişə elementləri bir-birinə döndərmə xəyalları qurublar, dəmir kimi metalları qızıla döndərməyə çalışıblar. Halbuki bu dünya şəraitində qeyri-mümkündür. Çünki elementlərin bir-birinə çevrilməsi ancaq çox yüksək temperatur şəraitində gerçəkləşər.
Lazımi temperatur o qədər yüksəkdir ki, bu, yalnız ulduzlarda tapılar.

 

Əlkimya mərkəzləri: Qırmızı nəhənglər
Elementləri bir-birinə döndərmək üçün lazım olan istilik təxminən 10 milyon dərəcədir. Bundan ötrü də, əlkimya əməliyyatı sözün əsl mənasında təkcə ulduzlarda baş verər. Bizim Günəşimiz kimi, orta böyüklükdəki ulduzlarda fasiləsiz şəkildə hidrogen heliuma çevrilir və beləliklə də, yüksək enerji ortaya çıxır.


İndi ifadə etdiyimiz bu təməl kimya məlumatlarını düşünərək Biq Banqdən sonranı xatırlayaq. Biq Banqdən sonra kainatda yalnız hidrogen və helium atomlarının ortaya çıxdığını ifadə etmişdik. Astronomlar bu atomlardan ibarət olan nəhəng buludların xüsusi olaraq yaradılmış şəraitin təsiri nəticəsində sıxılaraq Günəş tipli ulduzları meydana gətirdiklərini irəli sürürlər. Lakin bu təqdirdə belə, kainat yenə iki cür elementdən ibarət olan ölü bir qaz topası olmağa davam edər. Digər bir əməliyyat bu iki qazı daha ağır elementlərə çevirməlidir.


Bu ağır elementlərin yaranma mərkəzləri qırmızı nəhənglər, yəni orta hesabla Günəşdən 50 dəfə daha böyük olan nəhəng ulduzlardır.
Qırmızı nəhənglər, Günəş tipli normal ulduzlardan daha çox istidirlər və bundan ötrü də, normal ulduzların edə bilmədiyi bir şey edərlər: helium atomlarını karbon atomlarına çevirərlər. Lakin bu çevrilmə elə də bəsit şəkildə baş verməz. Amerikalı astronom Qrinşteynin ifadəsiylə desək: "bu ulduzların dərinliklərində çox fövqəladə bir əməliyyat baş verir".


Heliumun atom kütləsi 2-dir, yəni nüvəsində 2 proton var. Karbonun atom kütləsi isə 6-dır, yəni 6 protonu var. Qırmızı nəhənglərin fövqəladə temperaturları şəraitində üç helium atomu birləşərək bir karbon atomunu əmələ gətirir. Bu, böyük partlayışdan sonra kainatda ağır elementlərin olmasını təmin edən ən əsas "əlkimya" prosesidir.


Amma bir xüsus dərhal qeyd olunmalıdır. Helium atomları yan-yana gəldikləri vaxt bir-birləriylə maqnit kimi birləşən maddələr deyildirlər. Hələ üçünün yan-yana gəlib bir anda tək bir karbon atomu meydana gətirmələri qeyri-mümkün görünür. Bəs o zaman karbon necə meydana gətirilər?
İki mərhələli bir əməliyyatla. Əvvəlcə iki helium atomu bir-biriylə birləşər və beləliklə də, ortaya dörd protona və dörd neytrona sahib bir "keçid formul" çıxar. Üçüncü bir helium da bu keçid formula əlavə olunduqda ortaya altı protonluq və altı neytronluq karbon atomu çıxmış olar.


Bu keçid formul "berillium" adlandırılır. Qırmızı nəhənglərdə meydana gələn berillium dörd protondan və dörd neytrondan ibarətdir. Lakin bu berillium berilliumun dünyadakı normal quruluşundan fərqlidir. Dövri cədvəldə yerləşən normal berillium, yeddi neytrona malikdir. Qırmızı nəhənglərdə meydana gələn berillium isə fərqli bir versiyadır. Buna kimya dilində "izotop" deyilir.


Mövzunu araşdıran fizikləri uzun illər boyu təəccübləndirən məsələ isə qırmızı nəhənglərdə meydana gələn bu berillium izotopunun anormal dərəcədə qeyri-sabit olmasıdır. O qədər qeyri-sabitdir ki, meydana gəldikdən tam 0,000000000000001 saniyə sonra parçalanır!


Bəs necə olur ki, meydana gəldiyi anda yox olan bu berillium izotopu təsadüfən yanına bir heliumun gəlib özüylə birləşməsiylə karbona çevrilir? Bu, təsadüfən üst-üstə yığıldıqlarında 0,000000000000001 saniyə müddətində bir-birini tullayan iki kərpicin üzərinə, üçüncü bir kərpicin daha əlavə olunması və beləliklə də, meydana bir tikili çıxması kimi qeyri-mümkün bir şeydir. Bəs bu proses qırmızı nəhənglərdə necə baş verir? Bu sualın cavabı on illər boyu bütün fizikləri maraqlandırdı. Heç kəs bir cavab tapa bilmədi. Bu mövzuya ilk dəfə aydınlıq gətirən şəxs isə amerikalı astrofizik Edvin Solpiter (Edwin Salpeter) oldu. Solpiter ilk dəfə bu sualı "rezonans" məfhumuyla açıqladı..

 

Rezonans və ikiqat rezonans

Rezonans, iki fərqli cismin tezliklərinin (titrəyişlərinin) bir-birinə uyğunlaşmasına deyilir.
Fiziklər rezonansı izah etmək üçün bəzi nümunələr gətirirlər. Bunlardan biri yelləncək nümunəsidir: Bir uşaq parkına getdiyinizi və yelləncəyə minən bir uşağı yellədiyinizi düşünün. Əvvəlcə hərəkət etməyən yelləncək, sizin itələməyiniz sayəsində sürət qazanır və gah irəli, gah da geri hərəkət etməyə başlayır. Siz, yelləncəyin arxasında dayanarsınız və o hər dəfə sizə doğru yaxınlaşdıqda onu bir daha itələyərsiniz. Amma diqqət edirsinizsə, yelləncək "uyğun" şəkildə itələnməlidir. Yelləncəyin geriyə doğru hərəkəti tam bitdiyi anda qol gücünüzü verməlisiniz. Əgər yelləncəyi daha əvvəl itələməyə başlasanız, bir növ toqquşma baş verər və yelləncəyin tarazlığı pozular. Əgər bir qədər daha gec itələməyə çalışsanız, yelləncək sizdən onsuz da uzaqlaşmış olduğu üçün itələməyiniz mənasız olar.


Demək olar ki, hər kəsin yaşadığı bu hadisəni fizikanın diliylə ifadə etmək istəsək, "tezliklərin uyğunlaşması", yəni rezonans məfhumunu işlətməli olarıq. Yelləncəyin müəyyən tezliyi var: məsələn, hər 1,7 saniyədən bir sizin dayandığınız nöqtəyə gələr. Məhz siz də qolunuzdan istifadə edərkən hər 1,7 saniyədən bir yelləncəyi itələyərsiniz. Əgər yelləncəyi bir qədər daha sürətlə yelləsəniz, bu dəfə 1,5 saniyədən və ya 1,4 saniyədən bir kimi başqa bir tezliyə uyğunlaşmalı olarsınız. Bu uyğunlaşmanı təmin etsəniz, yəni rezonansı tutsanız, yellənəcəyi tarazlı şəkildə itələyərsiniz. Amma rezonansı tuta bilməsəniz, yelləncək yellənməz.


Rezonans, iki hərəkətli cismin uyğunlaşmasını təmin etdiyi kimi, bəzən hərəkətsiz bir cismin hərəkətə keçməsini də təmin edə bilər. Bunun nümunələri musiqi alətlərində yaşanır. "Akustik rezonans" adlanan bu təsir, simlərinin ahəngi bir-birinə uyğunlaşdırılmış iki ayrı skripka arasında da baş verir. Əgər simlərinin ahəngi bir-birinə uyğunlaşdırılmış bu iki skripkanın birini çalsanız, digərində də, heç toxunmadığınız halda, müəyyən titrəyiş və dolayısilə səs meydana gələr. Hər iki skripka da eyni titrəyişə nizamlandığı üçün birindəki hərəkət digərinə də təsir göstərmişdir.


Yelləncək və ya skripka nümunəsində gördüyümüz bu rezonanslar, sadə rezonanslardır. Bunları tutmaq asandır. Lakin fizikadakı bəzi digər rezonanslar, bu qədər sadə deyildir. Xüsusilə də atom nüvələri arasındakı rezonanslar olduqca həssas tarazlıqlar üzərində qurulmuşdur.
Hər atom nüvəsinin uyğun bir enerji səviyyəsi var. Fiziklər bunları çox uzun araşdırmalar nəticəsində müəyyənləşdiriblər. Müəyyənləşdirilən bu enerji səviyyələri bir-birindən çox fərqlidir. Lakin bəzi müstəsna hallarda, bəzi atom nüvələri arasında rezonanslar baş verdiyi müəyyənləşdirilmişdir. Bu rezonans sayəsində, atom nüvələrinin hərəkətləri bir-birinə uyğunlaşa bilir. Bu isə nüvələrə təsir göstərəcək nüvə reaksiyalarına kömək edir.


Qırmızı nəhənglərdəki karbon atomlarının necə meydana gəldiyini anlamaq istəyən Edvin Solpiter helium ilə berillium nüvələri arasında bu cür bir rezonans olduğunu irəli sürdü. Solpiter bu rezonans sayəsində helium atomlarının berillium yaratmaq şansının çox yüksək ola biləcəyini və qırmızı nəhənglərdəki hadisənin bu yolla izah oluna biləcəyini müdafiə etdi. Lakin bu mövzuda aparılan hesablamalar Solpiterin iddiasını təsdiqləmədi.


Bu məsələyə əl atan ikinci mühüm insan isə tanınmış astronom Fred Hoyl oldu. Hoyl Solpiterin rezonans iddiasını daha irəli apardı və "ikiqat rezonans" məfhumunu ortaya atdı. Hoyla görə, qırmızı nəhənglərdə həm iki heliumun berilliuma çevrilməsini təmin edən bir rezonans, həm də bu qeyri-sabit struktura dərhal üçüncü bir helium əlavə edən ikinci bir rezonans olmalı idi. Heç kəs Hoyla inanmadı, çünki tək birinin belə olması olduqca zəif ehtimal olan rezonansın iki dəfə ayrı-ayrı baş verməsi qeyri-mümkün kimi görünürdü. Hoyl illərlə bu mövzunu araşdırdı, hesablamalar apardı və sonunda heç kimin ehtimal vermədiyi həqiqəti ortaya çıxartdı: Qırmızı nəhənglərdə həqiqətən də, "ikiqat rezonans" baş verirdi. İki heliumun rezonans yaradaraq birləşdiyi anda, ortaya çıxan berillium, 0,000000000000001 saniyə ərzində üçüncü bir heliumla ayrı bir rezonans yaradıb birləşir və karbonu meydana gətirirdi.
Corc Qrinşteyn bu "ikiqat rezonans"ın niyə çox fövqəladə bir mexanizm olduğunu belə izah edir:


Bu hekayədə bir-birindən çox fərqli üç struktur (helium, berillium və karbon) ilə bir-birindən çox fərqli iki rezonans var. Bu atom nüvələrinin niyə bu cür uyğunlaşma içində çalışdıqlarını anlamaq çox çətindir... Başqa nüvə reaksiyaları buradakı kimi görünməmiş dərəcədə şanslı təsadüflər zənciriylə baş verməzlər... Bu, bir velosiped, bir avtomobil və bir yük maşını arasında çox dərin və mürəkkəb rezonanslar tapmaq kimi bir şeydir. Bir-birindən bu qədər fərqli strukturlar niyə bir-birləriylə uyğunlaşma təmin etsin ki? Bizim və kainatdakı bütün canlıların varlığı, bu fövqəladə əməliyyat sayəsində mümkün olmuşdur.


Sonrakı illərdə oksigen kimi digər bəzi elementlərin də bu cür fövqəladə rezonanslarla meydana gəldiyi ortaya çıxmışdır. Bu "fövqəladə əməliyyat"ları ilk dəfə kəşf edən Fred Hoyl isə “Qalaktikalar, nüvələr və kvazarlar” (“Galaxies, Nuclei and Quasars”) adlı kitabında bunun təsadüf ola bilməyəcək qədər planlı bir əməliyyat olduğu nəticəsinə gəlmiş və qatı materialist olmasına baxmayaraq, kəşf etdiyi ikiqat rezonansın "nizamlanmış bir iş" olduğunu qəbul etmiştir.37 Digər bir məqaləsində isə belə yazmışdır:


“Əgər ulduz nukleosintezi (atom nüvələrinin birləşməsi) yolu ilə karbon və ya oksigen meydana gətirmək istəsəniz, iki ayrı səviyyəni tənzimləməli olarsınız. Eləcə də, aparmalı olduğunuz tənzimləmə hal-hazırda ulduzlarda olan tənzimləmədir... Həqiqətlərin ağıl süzgəcindən keçirilərək şərh olunması göstərir ki, üstün bir ağıl Sahibinin, fizika, kimya və biologiyaya müdaxilə etdiyini və təbiətdə varlığından bəhs etməyə dəyən şüursuz güclər yoxdur. Həqiqətlərin hesablanmasıyla ortaya çıxan ədədlər o qədər ağlasığmazdır ki, məni bu nəticəni mübahisəsiz şəkildə qəbul etməyə sövq edir”.38
Hoyl digər elm adamlarının da bu açıq həqiqəti görməzlikdən gələ bilməyəcəklərini belə vurğulamışdır:


“Dəlilləri araşdıran hər hansı elm adamının özünü bu nəticəyə gəlməkdən döndərə biləcəyini güman etmirəm: ulduzların daxilində həyata keçiridikləri nəticələrə baxılarsa fizika qanunları şüurlu surətdə nizamlanmışdır”.


Elm adamlarının qarşılaşdıqları açıq həqiqətlər nəticəsində gəldikləri bu nöqtə bizə Quranda 1400 il bundan əvvəl bildirilmişdir. Allah göylərin yaradılışındakı uyğunlaşmanı bir ayəsində belə bildirir: “Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!” (Nuh surəsi, 15

 

Kiçik əlkimya mərkəzi: Günəş
Yuxarıda qeyd etdiyimiz helium-karbon çevrilməsi qırmızı nəhənglərin əlkimyasıdır. Bizim Günəşimiz kimi daha kiçik ulduzlarda isə daha kiçik bir əlkimya əməliyyatı baş verir. Başda da ifadə etdiyimiz kimi, Günəş, hidrogen atomlarını heliuma çevirir və sahib olduğu enerjini də bu nüvə reaksiyasından əldə edir.
Günəşdəki bu nüvə reaksiyası da, yaşamağımız üçün ən azı qırmızı nəhənglərdəki reaksiya qədər zəruridir. Üstəlik, Günəşdəki nüvə reaksiyası da qırmızı nəhənglərdəki qədər "tənzimlənmiş bir iş"dir.


Günəşdəki nüvə reaksiyasının ilk elementi olan hidrogen daha əvvəl də ifadə etdiyimiz kimi, kainatdakı ən sadə elementdir. Nüvəsində yalnız bir proton yerləşir. Heliumun nüvəsində isə iki proton və iki neytron yerləşir. Günəşdə baş verən əməliyyat isə dörd hidrogenin birləşib bir helium meydana gətirməsidir. Bu əməliyyat vaxtı, çox böyük enerji ortaya çıxar. Yerə gələn istilik və işıq enerjisinin demək olar ki, hamısı, Günəşdə baş verən bu nüvə reaksiyasından alınır.


Lakin eynilə qırmızı nəhənglərdə olduğu kimi, bu nüvə reaksiyası da əslində, çox gözlənilməz bir əməliyyatdır. Təsadüfən ətrafda hərərəkət edən dörd atomun bir yerə gəlib bir anda helium meydana gətirmələri qeyri-mümkündür. Bunun üçün, yenə eynilə qırmızı nəhənglərdə olduğu kimi, iki mərhələli bir əməliyyat baş verər. Əvvəlcə iki hidrogen birləşər və bir proton və bir neytrona sahib bir "keçid formul" meydana gətirilər. Bu keçid formul "deytron" adlandırılar.
Bəs deytronu bir yerdə saxlayan, iki ayrı atom nüvəsini bir-birinə yapışdıran qüvvə nədir? Bu qüvvə əvvəlki fəsildə toxunduğumuz "güclü nüvə qüvvəsi"dir. Kainatın ən böyük fiziki qüvvəsi budur. Cazibədən milyard dəfə milyard dəfə milyard dəfə milyard qat daha güclüdür. Bu gücü sayəsində iki hidrogen nüvəsini bir-birinə yapışdıra bilir.


Lakin tədqiqatlar göstərmişdir ki, güclü nüvə qüvvəsinin gücü bu işi görməyə ancaq çatır. Əgər onun qiyməti hazırkı qiymətindən bir qədər belə az olsa, iki hidrogen nüvəsini birləşdirə bilməyəcək. Yan-yana gələn iki proton, dərhal bir-birlərini itələyəcək və beləliklə də, Günəşdəki nüvə reaksiyası başlamadan bitəcək. Yəni, Günəş heç vaxt mövcud olmayacaq. Corc Qrinşteyn bu həqiqəti: "əgər güclü nüvə qüvvəsi bir qədər belə daha zəif olsaydı, o zaman dünyanın işığı heç vaxt yanmayacaqdı" deyə açıqlayıb.


Bəs görəsən güclü nüvə qüvvəsi bir qədər daha güclü olsa, nə baş verər? Bu sualı cavablandırmadan əvvəl, iki hidrogenin bir deytrona çevrilməsi əməliyyatına bir daha nəzər salaq. Diqqət yetirilsə bu əməliyyatın iki ayrı mərhələsi var: əvvəlcə bir proton, yükünü itirərək neytrona çevrilir. Sonra da bu neytron digər bir protonla birləşib deytron atomunu meydana gətirir. Birləşməyi təmin edən qüvvə, qeyd etdiyimiz kimi, güclü nüvə qüvvəsidir. Protonu neytrona çevirən qüvvə isə bundan fərqlidir, belə ki, bu "zəif nüvə qüvvəsi"dir. Zəif nüvə qüvvəsinin bir protonu neytrona çevirməsi təxminən 10 dəqiqə davam edir. Bu, atom səviyyəsində çox uzun müddətdir və Günəşdəki nüvə reaksiyasının "yavaş-yavaş" davam etməsini təmin edər.


İndi bu məlumat üzərində təkrar eyni sualı verək: əgər güclü nüvə qüvvəsi bir qədər daha güclü olsa, nə baş verər? Əgər belə olsa Günəşdəki reaksiya tamamilə dəyişəcək. Çünki belə olduqda zəif nüvə qüvvəsi tamamilə öz təsirini itirəcək, güclü nüvə qüvvəsi isə bir protonun 10 dəqiqə ərzində neytrona çevrilməsini gözləmədən dərhal iki protonu bir-birinə yapışdıracaq. Bunun nəticəsində isə deytron əvəzinə iki protonluq tək bir atom nüvəsi meydana gələcək.
Meydana gələcək bu strukturu elm adamları "di-proton" adlandırırlar. Əslində, belə bir şey yoxdur, bu xəyali bir elementdir. Lakin güclü nüvə qüvvəsi bir qədər daha güclü olsa o zaman Günəşdə di-proton meydana gələcək. Bu isə "yavaş-yavaş" yanmaqda olan Günəşin quruluşunu tamamilə dəyişdirəcək. Corc Qrinşteyn "güclü nüvə qüvvəsinin bir qədər daha güclü olması vəziyyətində" baş verənləri belə açıqlayır:


“Günəş belə bir vəziyyətdə tamamilə dəyişəcək, çünki artıq Günəşdəki reaksiyanın ilk mərhələsi deytron yaradılması deyil, di-proton yaradılması olacaq. Zəif nüvə qüvvəsinin rolu ortadan qalxacaq və yalnız güclü nüvə qüvvəsi öz təsirini göstərmiş olacaq... Həmçinin bu təqdirdə Günəşin yanacağı birdən olduqca təsirli bir yanacağa çevriləcək. Bu o qədər yaxşı yanacaq olacaq ki, Günəş və ona bənzər digər bütün ulduzlar bir neçə saniyə ərzində partlayacaq”.


Günəşin partlaması isə bir neçə dəqiqə sonra bütün dünyanı və üzərindəki bütün canlıları alovlara bürüyəcək, mavi planet bir neçə saniyə ərzində kömürə çevriləcək. Lakin güclü nüvə qüvvəsinin gücü tam lazımi səviyyədə olduğu üçün Günəşimiz tarazlı bir nüvə reaksiyası həyata keçirir və "yavaş-yavaş" yanır.
Bütün bunlar güclü nüvə qüvvəsinin gücünün tam insan həyatına imkan verəcək şəkildə nizamlanmış olduğunu göstərir. Əgər bu nizamlamada bir səhv edilsəydi Günəş kimi ulduzlar da ya heç olmayacaq, ya da meydana gəldikləri andan çox qısa müddət sonra qorxunc partlayışla yox olacaqdılar.
Digər bir sözlə, Günəşin quruluşu da təsadüfi və məqsədsiz bir quruluş deyil. Əksinə, Allah: "Günəş və Ay, müəyyən hesabla yaradılmışdır" (Rəhman surəsi, 5) ayəsi ilə Quranda bizə bildirdiyi kimi, bu ulduzu insan həyatı üçün xüsusi şəkildə yaratmışdır.

 

Protonlar və elektronlar
Buraya qədər araşdırdıqlarımız atom nüvəsinə təsir göstərən qüvvələrin tarazlığıyla əlaqədardı. Lakin atomun içində, hələ də toxunmadığımız çox mühüm bir tarazlıq daha var. Bu, atom nüvəsi ilə xaricindəki elektronlar arasındakı tarazlıqdır.
Elektronların nüvənin ətrafında fasiləsiz şəkildə fırlandıqlarını bilirik. Bunun səbəbi elektrik yüküdür. Bütün elektronlar mənfi (-) elektrik yükünə, bütün protonlar isə müsbət (+) elektrik yükünə malikdir. Eləcə də, əks yüklər bir-birini cəzb edər, eyni yüklər isə bir-birini itələyər. Dolayısilə atomun nüvəsindəki müsbət yük elektronları özünə cəzb edər. Bundan ötrü də, elektronlar sürətlərinin özlərinə qazandırdığı mərkəzdənqaçma qüvvəsinə baxmayaraq, nüvənin ətrafından ayrılmazlar.


Atomlarda bu elektrik yüküylə əlaqədar çox mühüm tarazlıq var. Nüvədə nə qədər proton olsa atomun xaricində də bir o qədər elektron olar. Məsələn, oksigen atomunun nüvəsində 8 proton var və dolayısilə 8 ədəd də elektronu var. Bu sayədə atomların elektrik yükü tarazlanır.
Bunlar çox təməl kimya məlumatlarıdır. Lakin bu məlumatlarda əksər insanın diqqət yetirmədiyi bir xüsus var: proton, elektrondan olduqca böyükdür. Protonun həcmi də, kütləsi də, elektrondan olduqca çoxdur. Əgər böyüklük müqayisəsi aparmaq lazımdırsa, aralarındakı fərq bir insanla bir fındıq arasındakı fərq kimidir. Yəni elektronla protonun "tarazlı" fiziki strukturları yoxdur.


Lakin elektrik yükləri bərabərdir!
Biri müsbət elektrik yükünə, o biri isə mənfi elektrik yükünə malikdir, lakin bu yüklər bərabərdir. Halbuki bunu tələb edən heç bir səbəb yoxdur. Əksinə, fiziki cəhətdən gözlənilən vəziyyət elektronun elektrik yükünün olduqca az olmasıdır.
Bəs görəsən vəziyyət belə olsaydı, yəni proton və elektronun elektrik yükləri bərabər olmasaydı, nə baş verərdi?
Belə olduqda, kainatdakı bütün atomlar, protondakı artıq müsbət elektrik yükündən ötrü, əlavə elektrik yükünə sahib olacaqdılar. Bunun nəticəsində isə kainatdakı bütün atomlar bir-birini itələyəcəkdilər.


Görəsən bu vəziyyət indinin özündə baş versə nə olar? Kainatdakı bütün atomlar bir-birini itələsə nələr baş verər?
Çox fövqəladə şeylər baş verər. Əvvəlcə sizin bədəninizdə baş verəcək bu dəyişikliklərlə nəzər salmaqla başlayaq. Atomlarda bu dəyişiklik yarandığı anda hal-hazırda bu kitabı tutan əlləriniz və qollarınız bir anda parça-parça olardılar. Yalnız əlləriniz və qollarınız deyil, bədəniniz, ayaqlarınız, başınız, gözləriniz, dişləriniz, bir sözlə, bədəninizin hər hissəsi bir anda parça-parça olar. İçində oturduğunuz otaq, pəncərədən görünən xarici aləm də bir anda parça-parça olar. Yer üzündəki bütün dənizlər, dağlar, Günəş sistemindəki bütün planetlər və kainatdakı bütün göy cisimləri eyni anda sonsuz hissələrə ayrılıb yox olarlar. Həmçinin kainatda bir daha gözlə görüləsi heç bir cisim olmaz. Kainat dediyimiz şey fasiləsiz şəkildə bir-birlərini itələyən atomların qarşığından ibarət olar.
Bəs görəsən bu mütləq fəlakətin yaşanması üçün elektron və protonun elektrik yüklərində hansı səviyyədə natarazlıq meydana gəlməlidir? Yüzdə bir fərq olsa belə yenə də, bu fəlakət yaşanarmı? Yoxsa kritik sərhəd mində bir ola bilərmi? Corc Qrinşteyn “Simbioz kainat” adlı kitabında bu mövzu barədə bunları söyləyir:


“Əgər iki elektrik yükü arasında 100 milyarda bir belə fərq yaransaydı, bu, insanlar və daşlar kimi kiçik cisimlərin parçalanmasına kifayət edəcəkdi. Yer və Günəş kimi daha böyük cisimlər üçünsə bu tarazlıq daha həssasdır. Göy cisimlərinin ehtiyac duyacaqları tarazlıq milyard dəfə milyardda 1-lik bir nizamdır”.


Bu tarazlıq bizə bir daha kainatın təsadüfən yaranmadığını müəyyən məqsəd üçün nizamlandığını sübut edir. Astrofizik U. Presin “Nature” jurnalında dərc olunmuş bir məqaləsində yazdığı kimi: "kainatda ağıllı həyatın formalaşmasını dəstəkləyən böyük dizayn var".


Eləcə də, hər dizayn özünü meydana gətirən bir ağıl Sahibinin varlığını sübut edir. Bütün kainatı yoxdan yaradan və üstün güc və qüdrət sahibi olan aləmlərin Rəbbi Allahdır. Quranda bildirildiyi kimi: “...Allah göyü qurmuş və sonra ona müəyyən nizam vermişdir” (Naziat surəsi, 27-28

 

Kainatdakı cisimlərin yuxarıda araşdırdığımız fövqəladə tarazlıqlar sayəsində qətiyyətli şəkildə varlıqlarını davam etdirmələri isə Allahın yaratmasındakı mükəmməlliyi göstərən bir dəlildir. Quranda bildirildiyi kimi: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir...” (Rum surəsi, 25).