Kainatın genişlənməsi və “Biq Bənq” nəzəriyyəsi

XX əsrin 20-ci illəri müasir astronomiyanın inkişaf etdiyi illər idi. 1922-ci ildə rus fizik Aleksandr Fridman Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsasən kainatın sabit olmadığını, ən kiçik təsirin kainatın genişlənməsinə və ya büzüşməsinə səbəb olacağını hesabladı. Fridmanın kəşfinin əhəmiyyətini ilk dəfə anlayan şəxs isə belçikalı astronom Corc Lemetr oldu. Lemetr bu hesablamalara əsaslanaraq kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən sürəkli genişləndiyini irəli sürdü. Bundan əlavə, bu başlanğıc anından qalan radiasiyanın da müəyyən edilə biləcəyini bildirdi.


Bu elm adamlarının nəzəri hesablamaları həmin dövrdə çox diqqət çəkməmişdi. Ancaq 1929-cu ildə bir müşahidə zamanı əldə edilən dəlil elm dünyasına bomba kimi düşəcəkdi. Həmin il Kaliforniya Maunt-Vilson rəsədxanasında amerikalı astronom Edvin Habbl astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habbl nəhəng teleskopla səmanı tədqiq edərkən ulduzların məsafələrindən asılı olaraq qırmızı rəngə doğru sürüşən işıq yaydıqlarını müşahidə etdi. Bu kəşf həmin vaxta qədər qəbul edilmiş kainat anlayışını kökündən sarsıtdı.

 

Çünki fiziki qanunlara əsasən müşahidə aparılan nöqtəyə doğru hərəkət edən işıq spektri bənövşəyi rəngə, müşahidə aparılan nöqtədən uzaqlaşan işıqların spektri qırmızı istiqamətinə doğru dəyişir (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə zəifləməsi kimi). Habblın müşahidəsi isə bu qanuna əsasən göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habbl çox keçmədən bir vacib şeyi də tapdı: ulduzlar və qalaktikalar təkcə bizdən deyil, bir-birlərindən də uzaqlaşırdı. Hər şeyin bir-birindən uzaqlaşdığı kainat bu nəticəni göstərirdi: kainat genişlənir!


Bir müddət əvvəl Corc Lemetrın irəli sürdüyü bu həqiqət, əslində, əsrin ən tanınmış elm adamı olan Albert Eynşteyn tərəfindən daha əvvəl dilə gətirilmişdi. Eynşteyn 1915-ci ildə irəli sürdüyü ümumi nisbilik nəzəriyyəsi ilə apardığı hesablamalarda kainatın sabit olmadığı nəticəsinə gəlmişdi. Ancaq bu kəşfdən çox təəccüblənən Eynşteyn bu “uyğunsuz” nəticəni aradan qaldırmaq üçün düsturlarına “kosmoloji sabit” adlandırdığı faktor əlavə etmişdi. Çünki həmin vaxtlar astronomlar ona kainatın sabit olduğunu deyirdilər, o da nəzəriyyəsinin bu modelə uyğun olmasını istəyirdi. Ancaq sonralar bu kosmoloji sabiti “karyerasının ən böyük xətası” adlandırdı.


Habblın kainatın genişləndiyini üzə çıxarması qısa müddət sonra yeni kainat modelini doğurdu. Kainat genişləndiyinə görə zamanda geriyə getdikdə daha kiçik kainat, daha da geriyə getdikdə “bir nöqtə” ortaya çıxırdı.


Aparılan hesablamalar kainatın bütün maddəsini özündə cəmləyən bu “nöqtə”nin olduqca böyük cazibə qüvvəsinə görə sıfır həcmə malik olduğunu göstərdi. Kainat sıfır həcmli bu nöqtənin partlaması ilə ortaya çıxmışdı. Bu partlayış “Biq Bənq” (Böyük Partlayış) adlandırıldı və nəzəriyyəyə də eyni ad verildi.
Biq Bənq mühüm həqiqəti göstərirdi: sıfır həcm yoxluq olduğuna görə kainat yox ikən var olmuşdu. Bu isə kainatın başlanğıcı olması demək idi və beləcə, materializmin “kainat sonsuzluqdan bəri mövcuddur” fərziyyəsini təkzib edirdi.

 

“Stasionar kainat” nəzəriyyəsi

“Biq Bənq” nəzəriyyəsi güclü dəlillərə görə qısa müddətdə elm dünyasında qəbul edilməyə başlandı. Ancaq materialist fəlsəfəyə və bu fəlsəfənin təməlindəki “sonsuz kainat” fikrinə bağlı olan astronomlar “Biq Bənq” nəzəriyyəsinə qarşı çıxmağa və sonsuz kainat fikrini dirçəltməyə çalışdılar. Bu cəhdin səbəbi qabaqcıl materialist fiziklərdən Artur Eddinqtonun “fəlsəfi cəhətdən təbiətin hazırkı nizamının birdən-birə ortaya çıxması fikri mənə cəlbedici gəlmir” sözündən bəlli olurdu.


“Biq Bənq” nəzəriyyəsindən narahat olanların başında məşhur ingilis astronom ateist Fred Hoyl gəlirdi. Hoyl XX əsrin ortalarında “steady-state” (sabit vəziyyət – stasionar kainat) adlı yeni bir kainat modelini irəli sürdü. Bu model 19-cu əsrdəki sonsuz kainat fikrinin davamı idi. Hoyl kainatın genişləndiyini qəbul etməklə yanaşı, kainatın məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə maddə lazımi miqdarda, birdən-birə, öz-özünə var olmağa başlayırdı. Yeganə məqsədi materialist fəlsəfənin təməli olan “sonsuzluqdan bəri mövcud olan maddə” ehkamını dəstəkləmək olan bu nəzəriyyə kainatın başlanğıcı olduğunu müdafiə edən “Biq Bənq” modelinə tamamilə zidd idi.
Stasionar kainat nəzəriyyəsini müdafiə edənlər uzun müddət Biq Bənqə qarşı çıxsalar da elm onların əleyhinə idi.


Biq Bənqin qələbəsi

1948-ci ildə Georgi Qamov Corc Lemetrin hesablamalarını təkmilləşdirdi və Biq Bənqə əsaslanan yeni tezis irəli sürdü. Buna əsasən kainat böyük partlayış ilə əmələ gəlibsə, onda kainatda bu partlayışdan qalan müəyyən miqdarda radiasiya olmalı idi. Üstəlik bu radiasiya kainatın hər tərəfinə bərabər paylanmalı idi.
Bu dəlil də çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı bu dalğaları kəşf etdilər. “Kainatın mikrodalğalı fon şüalanması” adlanan bu radiasiya kosmosun məlum istiqamətdən gələn radiasiyadan fərqlənirdi. Bu radiasiya yer mənşəli deyildi, yəni müəyyən mənbəyi yox idi, kainatın hər yerinə paylanmış radiasiya idi. Beləcə, uzun müddətdir ki, kainatın hər yerindən bərabər ölçüdə qəbul edilən istilik dalğasının Biq Bənqin ilk dövrlərindən qaldığı üzə çıxdı. Üstəlik bu rəqəm elm adamlarının əvvəlcədən irəli sürdükləri rəqəmə çox yaxın idi. Penzias və Uilson Biq Bənqin sübutunu təcrübə əsasında göstərən ilk şəxslər olduqlarına görə Nobel mükafatına layiq görüldülər.


1989-cu ildə isə Corc Smut (George Smoot) və onun NASA qrupu Kainatın Fon Şüalanması Kəşfiyyatçı Peykini (COBE) kosmosa göndərdilər. Bu peykə yerləşdirilmiş həssas skanerlərin Penzias və Uilsonun ölçmələrini təsdiqləməsi səkkiz dəqiqə çəkdi. Nəticələr skanerlərin kainatın başlanğıcındakı böyük partlayışın isti, sıx qalıqlarını göstərdi. Elm adamları COBE-nin uğurunu Biq Bənqin təsdiqlənməsi kimi ifadə etdilər

 

 

Beləliklə, Biq Bənq elm dünyasında qəti qəbul edildi. “Scientific American” jurnalının 1994-cü il oktyabr buraxılışında dərc olunan bir məqaləyə əsasən “kainat sürəkli, nizamlı şəkildə genişlənir” və Biq Bənq modeli əsrimizin qəbul edilmiş yeganə modeli idi.
Fred Hoyl ilə birlikdə uzun illər stasionar kainat nəzəriyyəsini müdafiə edən Dennis Siama ardıcıl kəşf edilən Biq Bənqi sübut edən dəlillər qarşısında düşdükləri vəziyyəti belə izah edir:

 

Stasionar kainat nəzəriyyəsini müdafiə edənlərlə onu sınaqdan keçirən və məncə, çürütməyi ümid edən müşahidəçilər arasında bir vaxtlar çox ciddi mübarizə var idi. Həmin mübarizədə mənim də rolum olub. Çünki həqiqiliyinə inandığım üçün deyil, həqiqət olmasını istədiyim üçün stasionar kainat nəzəriyyəsini müdafiə edirdim. Nəzəriyyənin əsassızlığını göstərən dəlillər üzə çıxdıqca Fred Hoyl bu dəlillərə qarşı çıxmaqda lider rolunu öz üzərinə götürmüşdü. Mən də onun tərəfini tutmuş, bu düşmən dəlillərə necə cavab verəcəyinə dair fikir yeritmişdim. Ancaq dəlillər toplandıqca artıq oyunun sona çatdığı və stasionar kainat nəzəriyyəsini bir kənara qoymaq lazım gəldiyi üzə çıxırdı.