Göylərdəki nizam

“...Elə isə maddənin arxasında başqa bir şey olmalıdır, müəyyən yolla ona nəzarət edən bir şey. Eləcə də, bu, demək olar ki, bir Yaradıcının varlığının riyazi sübutudur”. (Amerikalı elmi yazıçı Qay Merçi)

 

1054-cü ilin 4 iyul gecəsi Çin imperiyasının astronomları səmada çox diqqətçəkici bir hadisənin baş verdiyini müşahidə etdilər. Səmadakı Buğa bürcünün yaxınlığında birdən çox parlaq bir ulduz ortaya çıxdı. Ulduz o qədər parlaqdı ki, işığı gündüzlər belə asanlıqla görünür, gecələr isə demək olar ki, Aydan daha parlaq görünürdü.
Çinli astronomların gördükləri və qeyd etdikləri bu hadisə, əslində, kainatdakı ən qəribə astronomik formasiyalardan biri di. Bu "ifrat yeni ulduz partlayışı" idi.


İfrat yeni ulduz partlayışı məfhumu astronomlar tərəfindən bir ulduzun partlayaraq dağılmasını adlandırmaq üçün işlədilər. Nəhəng bir ulduz qorxunc partlayışla özünü yox edər və içindəki maddə də yenə qorxunc sürətlə hər tərəfə yayılar. Bu partlayış vaxtı yayılan işıq ulduzun yaydığı normal işıqdan minlərlə qat daha güclüdür.


Astronomlar ifrat yeni ulduz partlayışlarının kainatın yaranmasında çox mühüm rol oynadıqlarını düşünürlər. Bu partlayışlar astronomların təxmininə görə, maddənin kainatda bir nöqtədən başqa nöqtələrə daşınması üçün faydalıdır. Partlayış nəticəsində dağılan ulduz artıqlarının kainatın başqa yerlərində toplanaraq yenidən ulduzlar və ya ulduz sistemləri meydana gətirdiyi fərz edilir. Bu fərziyyəyə görə, Günəş, Günəş sistemindəki planetlər və planetimiz də, çox qədim zamanlarda baş vermiş ifrat yeni ulduz partlayışı nəticəsində meydana gəlmişdir.


Lakin işin qəribə tərəfi, ilk baxışda bəsit bir partlayış kimi görünə biləcək ifrat yeni ulduzların partlayışının, əslində, bəzi çox həssas tarazlıqlar üzərinə qurulmuş olmasıdır. Maykl Denton “Təbiətin taleyi” adlı kitabında belə yazır:


“İfrat yeni ulduzlar və əslində, bütün ulduzlar arasındakı məsafələr çox kritik məsələdir. Qalaktikamızdakı ulduzların bir-birlərinə olan məsafəsi orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər daha az olsaydı planetlərin orbitləri qeyri-sabit olardı. Əgər bir qədər daha çox olsaydı, müəyyən ifrat yeni ulduz partlayışı tərəfindən dağıdılan maddə o qədər dağınıq hala gələcəkdi ki, bizimkinə oxşar planet sistemləri böyük ehtimalla əsla meydana gələ bilməyəcəkdi. Əgər kainat həyat üçün uyğun bir məkan olacaqsa ifrat yeni ulduz partlayışları çox xüsusi nisbətdə baş verməli və bu partlayışlarla digər bütün ulduzlar arasındakı uzaqlıq, çox xüsusi bir məsafə olmalıdır. Bu uzaqlıq, onsuz da indinin özündə mövcud olan uzaqlıqdır”.


İfrat yeni ulduz partlayışlarının sayı və ulduzların məsafələri, əslində, kainatın sahib olduğu böyük nizamın çox kiçik iki təfərrüatıdır. Kainatı bir qədər daha təfərrüatlı şəkildə araşdırdığımızda isə qarşılaşdığımız nizam fövqəladədir.

 

Boşluqlar niyə var?
Əvvəlki başlıqlarda araşdırdıqlarımızı qısa şəkildə xatırlayaq: böyük partlayışdan sonra yaranan kainat əvvəlcə yalnız hidrogen və heliumdan ibarət bir qaz yığını olmuş, sonra isə bu qaz yığını xüsusi olaraq yaradıldığı aydın olan nüvə reaksiyalarıyla daha ağır elementləri meydana gətirmişdir. Lakin kainatın həyat üçün uyğun bir yerə çevrilməsi, təkcə ağır elementlərin olmasıyla mümkün olmaz. Bundan da əhəmiyyətlisi kainatın hansı yolla müəyyən forma və nizam almasıdır.


Bu araşdırmaya əvvəlcə kainatın nə qədər böyük olduğuna nəzər salmaqla başlayaq.
Bildiyimiz kimi, yer kürəsi Günəş sisteminin bir hissəsidir. Bu sistem, kainatdakı digər ulduzlarla müqayisədə orta böyüklükdəki bir ulduz olan Günəşin ətrafında fırlanan səkkiz planetdən və onların 172 peykindən ibarətdir. Yer kürəsi, Günəş sistemində Günəşə ən yaxın olan üçüncü planetdir.
Əvvəlcə bu sistemin böyüklüyünü qavramağa çalışaq. Günəşin diametri Yerin diametrindən 103 dəfə çoxdur. Bunu bir bənzətmə ilə açıqlayaq: əgər diametri 12,200 km. olan yer kürəsini bir muncuq böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol toplarının iki misli böyüklükdə olan yumru bir kürə halına gəlir. Lakin əsil maraqlı şey aradakı məsafədir. Həqiqətlərə uyğun bir model yaratmaq üçün muncuq böyüklüyündəki yer kürəsi ilə top böyüklüyündəki Günəş arasındakı məsafəni təxminən 280 metr etməliyik. Günəş sisteminin xaricində olan planetləri isə kilometrlərlə kənara aparmalı olarıq.


Lakin bu qədər nəhəng ölçüyə sahib olan Günəş sistemi yerləşdiyi Süd Yolu qalaktikası ilə müqayisədə olduqca kiçikdir. Çünki Süd Yolu qalaktikasında Günəş kimi və əksəriyyəti ondan daha böyük olmaqla təxminən 250 milyard ulduz var. Bu ulduzlar arasında Günəşə ən yaxın olanı Alfa Sentavrdır. Əgər Alfa Sentavrı bir qədər əvvəl qeyd etdiyimiz miqyasda, yəni yer kürəsinin muncuq böyüklüyündə olduğu və Günəşlə Yer kürəsi arasındakı məsafənin 280 metr olduğu miqyasda təsəvvür etsək onu Günəşdən 78 min kilometr uzaqlığa yerləşdirmək lazımdır!


Modeli bir qədər daha kiçildək. Yer kürəsini gözlə çətin görülən bir toz zərrəciyi halına gətirək. O zaman Günəş fındıq böyüklüyündə olacaq və Yer kürəsinə üç metr məsafədə yerləşəcək. Bu ölçü çərçivəsində Alfa Sentavrı isə Günəşdən 640 kilometr uzaqlığa yerləşdirmək lazımdır.
Süd Yolu qalaktikasında, məhz aralarında bu qədər fövqəladə məsafələr olan 250 milyard ulduz var. Spiral formasındakı bu qalaktikanın qollarının birində bizim Günəşimiz yerləşir.


Lakin maraqlısı, Süd Yolu qalaktikasının kosmosla müqayisədə çox "kiçik" olmasıdır. Çünki kosmosda başqa qalaktikalar da var, həm də təxminlərə görə, 300 milyard qədər!.. Bu qalaktikalar arasındakı boşluqlar isə Günəş ilə Alfa Sentavr arasındakı boşluğun milyonlarla misli qədərdir.
Corc Qrinşteyn bu ağlasığmaz böyüklüklə bağlı “Simbioz kainat” adlı kitabında bunları qeyd edir:


“Əgər ulduzlar bir-birlərinə bir qədər daha yaxın olsalar astrofizika çox da fərqli olmazdı. Ulduzlarda, dumanlıqlarda (nebula) və digər göy cisimlərində davam edən əsas fiziki proseslərdə heç bir dəyişiklik baş verməzdi. Uzaq bir nöqtədən baxdıqda qalaktikamızın görünüşü də indiki ilə eyni olardı. Tək fərq gecə çəmən üzərində uzanıb seyr etdiyim səmada olduqca çox sayda ulduz olması olardı. Lakin üzr istəyirəm, bəli, bir fərq daha olardı: bu mənzərəni seyr edən "mən" olmazdım... Kosmosdakı bu nəhəng boşluq bizim varlığımızın ilkin şərtidir”.


Qrinşteyn bunun səbəbini də açıqlayır: kosmosdakı böyük boşluqlar, bəzi fiziki dəyişənlərin tam insan həyatına uyğun şəkil almasını təmin edir. Həmçinin Yer kürəsinin kosmos boşluğunda hərəkət edən nəhəng göy cisimləri ilə toqquşmasına mane olan ünsür də, kainatdakı göy cisimlərinin arasında bu cür böyük boşluqlardan çox olmasıdır.


Bir sözlə, kainatdakı göy cisimlərinin düzülüşü insanın həyatı üçün tam olması lazım gələn quruluşdadır. Nəhəng boşluqlar məqsədsiz surətdə meydana çıxmamışdır, belə ki, onlar, məqsədli bir yaradılışın nəticəsidirlər.

 

Entropiya və nizamlılıq
Kainatdakı nizamın nə demək olduğunu qavramaq üçün, əvvəlcə kainatın ən əsas fizika qanunlarından biri olan termodinamikanın ikinci qanunundan bəhs edilməlidir.
Termodinamikanın ikinci qanunu kainatda nəzarətsiz və təbii mühit şəraitinə buraxılan bütün sistemlərin zamanla düz mütənasib şəkildə nizamsızlaşmağa, dağılmağa və pozulmağa başlayacağını söyləyir. Eyni həqiqət "entropiya qanunu" kimi də ifadə edilir. Entropiya fizikada bir sistemin nizamsızlıq dərəcəsidir. Bir sistemin nizamlı, mütəşəkkil və planlı bir quruluşdan nizamsız, qeyri-mütəşəkkil və plansız bir vəziyyətə keçməsi həmin sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa deməli, həmin sistemin entropiyası da bir o qədər yüksəkdir.


Bu həqiqət hamımızın həyatımız boyu yaxından müşahidə etdiyimiz bir haldır. Məsələn, bir avtomobili çölə aparıb buraxar və aylar sonra vəziyyətinə nəzər yetirsəniz, əlbəttə ki, onun əvvəlkindən daha təkmilləşmiş, daha baxımlı hal almasını gözləyə bilməzsiniz. Əksinə təkərlərinin partlamış, şüşələrinin sınmış, kapotunun paslanmış, mühərrikininsə çürümüş olduğunu görərsiniz. Yaxud evinizi "nəzarətsiz" qoysanız, hər keçən gün daha da nizamsızlaşdığını, dağıldığını, tozlandığını görərsiniz. Lakin hər hansı müdaxilə ilə (yəni evi təmizləyib, qaydaya salaraq) bu prosesi əksinə çevirə bilərsiniz.


Termodinamikanın ikinci qanunu və ya digər adıyla entropiya qanunu, doğruluğu nəzəri və təcrübi olaraq qəti şəkildə sübut edilmiş bir qanundur. Belə ki, əsrimizin ən mühüm elm adamı qəbul edilən Albert Eynşteyn bu qanunu, "bütün elmlərin birinci qanunu" kimi xarakterizə etmişdir. Amerikalı elm adamı Ceremi Rifkin “Entropiya: Yeni bir dünyagörüşü” (“Entropy: A new world view”) adlı kitabında belə söyləyir:


“Entropiya qanunu tarixin bundan sonrakı ikinci mərhələsində hökm sürən nizam şəklində özünü göstərəcək. Albert Eynşteyn bu qanunun bütün elmlərin birinci qanunu olduğunu söyləmişdir. Ser Artur Eddinqton isə ondan bütün kainatın ən üstün metafizik qanunu kimi bəhs edir”.


İşin qəribə tərəfi isə entropiya qanununun kainatın istənilən fövqəltəbii müdaxilədən asılı bir maddə yığını olduğunu iddia edən materializmi qəti şəkildə qüvvədən salmasıdır. Çünki kainatda çox nəzərəçarpan bir nizam var, lakin kainatın öz qanunları bu nizamı pozmağa istiqamətlidir. Bundan iki nəticə çıxır:
1) Kainat materialistlərin iddia etdiyi kimi əzəldən bəri mövcud ola bilməz. Çünki, əgər belə olsa, termodinamikanın ikinci qanunu indiyə qədər çoxdan kainatdakı entropiyanı maksimum həddə çatdırmış olardı və kainat tamamilə nizamsız olan vahid (homogen) maddə yığınına çevrilərdi.


2) Böyük partlayışdan sonra kainatın heç bir fövqəltəbii müdaxilə və nəzarət olmadan formalaşdığı iddiası da əsassızdır. Çünki böyük partlayışdan sonra yaranan kainat, yalnız nizamsızlığın hökm sürdüyü bir kainat olmuşdur. Lakin bu kainatda get-gedə nizamlılıq çoxalmış və kainat bugünkü nizamlı quruluşuna nail olmuşdur. Bu, təbiət qanunlarına (entropiya qanununa) zidd şəkildə baş verdiyinə görə, deməli, kainat fövqəltəbii yaradılışla nizamlanmışdır.


Bu ikinci bəndi bir nümunə ilə izah edək. Kainatı içində yığın-yığın daşlar və qayalar olan nəhəng bir mağara kimi təsəvvür edək. Bu mağaranı təbii mühit şəraitində tərk edib milyardlarla il gözləsəniz, ilk vəziyyəti ilə müqayisədə daha nizamsızlaşdığını (daşların kiçik hissəciklərə ayrıldığını, bir-birləriylə qarışıb vahid və formasız bir struktura çevrildiklərini) görərsiniz. Lakin milyardlarla il sonra mağaranın içində bu daşlardan hazırlanmış və həssaslıqla işlənmiş heykəllər tapsanız, bu nizama təbiət qanunlarıyla izah gətirilə bilməyəcəyinə dərhal qərar verərsiniz. Gətirilə biləcək tək izah, bu mağaranın bir "ağıl Sahibi" tərəfindən yaradılması olacaq.
Məhz kainatda hökm sürən nizam da, bizə kainata hakim olan üstün bir ağıl Sahibinin varlığını göstərir. Nobel mükafatçısı tanınmış alman fiziki Maks Plank kainatdakı bu nizamı belə açıqlayır:


“Yekunlaşdırmaq lazım gəlsə dəqiq elmlər tərəfindən təbiətin nəhəng quruluşu haqqında bizə öyrədilən hər şey qəti bir nizamın hökm sürdüyünü göstərir, bu insan zehnindən asılı olmayan bir nizamdır. Hisslərimizlə təsvir edə bildiyimizə görə, bu nizam ancaq məqsədli nizamlama sayəsində meydana gəlmiş ola bilər. Dolayısilə kainatın şüurlu nizama sahib olduğuna dair aydın dəlil var”.


Kainatın əzəldən bəri mövcud olduğunu və əsla nizamlanmadığını müdafiə edən materializm, kainatdakı böyük tarazlıq və nizam qarşısında böyük çıxılmaz vəziyyətdədir. Pol Devis bunu belə ifadə edir:


“Kainatda hara baxsaq ən uzaqdakı qalaktikalardan atomun dərinliklərinə qədər, müəyyən nizamla qarşılaşarıq... Bu nizamlı, xüsusi kainatın mərkəzində "bilgi" məfhumu yatır. Yüksək səviyyədə xüsusiləşmiş və təşkil edilmiş bir nizamlama göstərən bir sistem, təsvir edilə bilmək üçün, çox böyük bilik tələb edir. Yaxud digər bir sözlə, bu sistemdə böyük "bilik" var...

Belə olan halda, çox maraqlı bir sualla qarşılaşırıq. Əgər bilik və nizam, normal olaraq fasiləsiz şəkildə yox olmağa meyl edirlərsə, Dünyanı çox xüsusi bir yer edən bütün bu bilik əvvəlcə haradan gəlmişdir? Kainat, yayı yavaş-yavaş boşalan bir saata bənzəyir. O zaman əvvəlcə necə qurulmuşdur?”


Eynşteyn isə kainatdakı bu nizamın "gözlənilməz" bir şey olduğunu və əslində, "möcüzə" hesab edilməli olduğunu belə açıqlamışdır:
“Aydındır ki, a priori (ilkin aksept) olaraq, dünyanın, ancaq bizim onu nizamlayıcı ağlımızla nizamladığımız təqdirdə nizamlı hal alacağını gözləməliyik. Bu, bir dildəki sözlərin əlifba sırasıyla düzülməsi kimi bir nizam olacaq... Lakin maddi dünyada, a priori olaraq gözləməli olduğumuz çox yüksək səviyyədə nizam var. Bu bir "möcüzə"dir və biliyimizin inkişafına paralel şəkildə daha da güclənir”.


Bir sözlə, kainatda mövcud olan və böyük "bilik" ehtiva edən nizam, bütün kainata hakim olan üstün bir Yaradıcı tərəfindən yaradılmışdır. Daha açıq şəkildə desək, bütün kainat, Allah tərəfindən yaradılmış və nizamlanmışdır. Həmçinin Onun tərəfindən korlanmaqdan qorunur.
Necə ki, Allah Quranda göylərin və yerin ancaq Öz qüdrəti sayəsində dağılıb getmədiyini belə bildirir:

 

Həqiqətən, Allah göyləri və yeri dağılıb getməsinlər deyə, tutub saxlayır. Əgər dağılıb getsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

 

Kainatdakı bu ilahi nizam, materialistlərin ortaya atdığı: "kainat nəzarətsiz maddə yığınıdır" iddiasının axmaqlığını da açıq şəkildə göstərir. Allah, bunu digər bir ayəsində belə bildirir:

 

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı... (Muminun surəsi, 71)

 

Günəş sistemi
Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz bölgələrdən biri də planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində Yer planetindən başqa 8 ayrı planet və bu planetlərin ətrafında olan 172 peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və peyklərinin arasında həyata münasib səth və atmosferə sahib olan yeganə göy cismi isə Yer planetidir.
Günəş sisteminin quruluşunu araşdırdığımız vaxt yenə böyük tarazlıqla qarşılaşarıq. Planetləri dondurucu soyuqluqdakı xarici kosmosa sovrulmaqdan qoruyan təsir Günəşin "cazibə qüvvəsi" ilə planetin "mərkəzdənqaçma qüvvəsi" arasındakı tarazlıqdır. Günəş sahib olduğu böyük cazibə qüvvəsindən ötrü bütün planetləri cəzb edər, onlar da fırlanmalarının yaratdığı mərkəzdənqaçma qüvvəsi sayəsində bundan xilas olar. Lakin planetlərin fırlanma sürəti bir qədər daha az olsa, o zaman bu planetlər sürətlə Günəşə doğru cəzb olunar və sonunda Günəş tərəfindən böyük partlayışla udularlar.


Bunun tərsi də mümkündür. Əgər planetlər daha sürətlə fırlansalar, bu zaman da Günəşin gücü onları tutub saxlamağa çatmayacaq və planetlər xarici kosmosa səpələnəcək. Halbuki çox həssas olan belə bir tarazlıq yaradılmışdır və sistem bu tarazlığı qoruyub saxladığı üçün davam edir. Həmçinin bu tarazlığın hər planet üçün ayrı-ayrılıqda yaradılmış olduğuna da diqqət yetirilməlidir. Çünki planetlərin Günəşə olan məsafələri çox fərqlidir. Üstəlik, kütlələri də çox fərqlidir. Bundan ötrü də, hamısı üçün ayrı fırlanma sürəti müəyyənləşdirilməlidir ki, Günəşə yapışmaqdan və ya ondan uzaqlaşıb kosmosa səpələnməkdən xilas olsunlar.


Materialist astronomiya anlayışı Günəş sisteminin mənşəyinin təbii fiziki proseslərlə izah oluna biləcəyini, yəni bu sistemin nəzarətsiz və təsadüfən meydana gələ biləcəyini iddia edir. Lakin son 300 ildir ki, bu mövzuda ortaya atılan bütün müxtəlif nəzəriyyələr heç bir elmi dəlili olmayan bir fərziyyədən kənara çıxa bilməmişdir. Günəş sisteminin mənşəyi, buna, materialist dünyagörüşüylə izah gətirməyə çalışanlar üçün bir sirrdir.


Günəş sistemindəki fövqəladə həssas tarazlığı kəşf edən Kepler, Qaliley kimi astronomlar isə bu sistemin çox açıq bir yaradılışı göstərdiyini və Allahın kainat üzərindəki hakimiyyətinin bir dəlili olduğunu ifadə ediblər. Günəş sisteminin quruluşu haqqında mühüm kəşflər edən (eləcə də, "yaşamış ən mühüm elm adamı" sayılan) İsaak Nyuton isə belə yazmışdır:


“Günəşdən, planetlərdən və kometalardan ibarət olan bu çox həssas sistem, yalnız ağıl və güc sahibi bir Varlığın məqsədindən və hakimiyyətindən qaynaqlana bilər... O, bunların hamısını idarə edir və bu hakimiyyətindən ötrüdür ki, Ona, "üstün qüvvət sahibi Rəbb" deyilir”.

 

Yer kürəsinin yeri
Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.
Son astronomik kəşflər sistemdəki digər planetlərin mövcudluğunun yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter varlığıyla, əslində, yer kürəsinin tarazlığını təmin edir. Astrofizik hesablamalar Yupiterin yerləşdiyi orbitdəki mövcudluğunun yer kürəsi kimi sistemdəki digər planetlərin orbitlərinin sabit qalmasını təmin etdiyini ortaya çıxarmışdır. Yupiterin yer kürəsini qoruyan ikinci bir funksiyasını isə planetoloq Corc Ueteril "Yupiter nə qədər xüsusidir" adlı bir məqalədə belə açıqlayır:
“Əgər Yupiterin olduğu yerdə bu böyüklükdə bir planet olmasaydı yer kürəsi, planetlər arası boşluqda hərəkət edən meteoritlərə və kometalara təxminən min dəfə artıq hədəf olardı... Əgər Yupiter olduğu yerdə olmasaydı hal-hazırda biz də Günəş sisteminin mənşəyini araşdırmaq üçün mövcud ola bilməzdik”.


Bir sözlə, Günəş sisteminin quruluşu, həyatın mövcud ola bilməsi üçün xüsusi nizam və quruluşa malikdir.
Bir qədər daha irəli gedək və Günəş sisteminin kainatdakı mövqeyindən bəhs edək. Günəş sistemi başda da ifadə etdiyimiz kimi, Süd Yolu qalaktikasının mərkəzində deyil, nəhəng qollarından birinin kənarında yerləşir. Görəsən bu bizim üçün necə bir üstünlükdür? Maykl Denton “Təbiətin taleyi” adlı kitabında bu mövzuda bunları yazıb:


“Olduqca təəccüb doğuran digər bir həqiqət isə kainatın yalnız bizim varlığımıza və bioloji ehtiyaclarımıza görünməmiş dərəcədə uyğun olması deyil, eyni zamanda bizim onu anlamağımıza da olduqca uyğun olmasıdır... Günəş sistemimizin bir qalaktik qolun kənarında yerləşməsi, bizim gecələri səmanı nəzərdən keçirərək uzaqdakı qalaktikaları görə bilməyimizi və kainatın ümumi quruluşu haqqında məlumat sahibi olmağımızı təmin edir. Əgər bir qalaktikanın mərkəzində yerləşsəydik heç vaxt spiralvarı bir qalaktikanın quruluşunu müşahidə edə bilməz və ya kainatın quruluşu barəsində müəyyən fikir sahibi ola bilməzdik”.


Digər bir sözlə kainatın fiziki qanunları kimi yer kürəsinin kosmosdakı mövqeyi də bu kainatın həyat üçün yaradılmış olduğunu göstərən dəlillərdən təşkil olunur. Yəni kainatın Allah tərəfindən yaradılmış və nizamlanmış olduğu açıq-aydın bir həqiqətdir.
Bəzi insanların bunu qavraya bilməmələrinin səbəbi səmimi və ön mühakiməsiz şəkildə düşünə bilməmələridir. Halbuki səmimi şəkildə düşünən hər ağıl sahibi insan kainatda hər şeyin müəyyən məqsədlə yaradıldığını: "Biz göyü, yeri və onların arasında olan şeyləri batil olaraq yaratmadıq. Bu, kafirlərin zənnidir..." (Sad surəsi, 27) ayəsiylə bildirildiyi kimi, müəyyən məqsədlə yaradılmış və nizamlanmış olduğunu anlayar.
Bu dərin qavrayış digər bir Quran ayəsində belə təsvir edilir:

 

Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində təmiz ağıl sahibləri üçün dəlillər var. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən çox Ucasan. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 190-191)