Qurandakı işarələr

Biq Bənq modeli bəşəriyyətin kainatı tanımasına yardım etməklə bərabər, çox mühüm vəzifəni də yerinə yetirmişdir. Əvvəlki səhifələrdə sitat gətirdiyimiz əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən məşhur filosof Entoni Flyunun ifadəsi ilə desək, Biq Bənq vasitəsilə “elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir”.
Kainatın yoxdan yaradıldığı həqiqətdir. Bu, elmi kəşflərdən minlərlə il əvvəl Allahın insanlara yolgöstərici kimi nazil etdiyi müqəddəs kitablarda bildirilmişdir.


İlahi mənbələr arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılması, həm də bu yaradılışın forması ilə bağlı məlumatlar verilir. 14 əsr əvvəl vəhy edilmiş bu məlumatlar XX əsrdə elmin kəşflərinə tamamilə uyğundur.
Əvvəla, kainatın yox ikən var olduğu Quranda belə xəbər verilir

 

O, göyləri və yeri (yoxdan) var edəndir... (Ənam surəsi, 101)

 

Dövrümüzdən 14 əsr əvvəl, insanların kainat haqqında məlumatlarının çox məhdud olduğu dövrlərdə Quranda bildirilən başqa bir həqiqət də var: eynilə Biq Bənq nəzəriyyəsinin irəli sürdüyü kimi, bütün kainat çox kiçik həcmdə bitişik ikən ayrılıb və genişlənməklə meydana gəlmişdir:

 

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)

 

Yuxarıdakı ayənin ərəb dilindəki orijinal variantında çox mühüm söz işlədilmişdir. Ayədə “göy ilə yer bitişik ikən” şəklində tərcümə edilən “ratq” sözü ərəb dili lüğətlərində “bir-biri ilə iç-içə, ayrılmaz vəziyyətdə, qarışmış” mənalarını verir. Yəni bir bütünü təşkil edən iki maddəni təsvir etmək üçün işlədilir. Ayədəki “ayırdıq” sözü də ərəb dilində “fatq” deməkdir. Bu feil “ratq” şəklindəki bir cismin yarıb, parçalayıb çölə çıxması mənasını verir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması da bu feillə ifadə edilir.


Bu məlumatdan sonra ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin “ratq” vəziyyətində olduğundan bəhs edilir. Ardınca bu ikisi “fatq” feili ilə ayrılır. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, Biq Bənqin ilk anını xatırladıqda “kosmik yumurta” adlanan nöqtənin kainatın bütün maddəsini ehtiva etdiyini görürük. Yəni hər şey, başqa sözlə, “göylər və yer” bu nöqtənin içində “ratq” şəklindədir. Ardınca bu kosmik yumurta şiddətlə partlamış, bu yolla maddələr “fatq” olmuşdur, yəni çölə çıxaraq bütün kainatı əmələ gətirmişdir.


Quranda bildirilən başqa bir həqiqət isə elm tərəfindən ancaq XX-ci əsrin 20-ci illərinin sonunda aşkar edilən kainatın genişlənməsidir. Habblın ulduzların işıq spektrlərinin qızılı rəngə çalmasını müəyyən etməsi ilə ilk dəfə üzə çıxan bu həqiqət Quranda belə bildirilir:

 

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)

 

Qısası, müasir elmin kəşfləri bir tərəfdən materialist ehkamı təkzib edir, digər tərəfdən də Quran ayələri ilə xəbər verilən həqiqətləri bir daha ortaya qoyur. Çünki kainat materialistlərin düşündüyü kimi, maddənin daxilindəki bir sıra təsadüflərlə deyil, Allahın yaratması ilə əmələ gəlmişdir və Allahdan gələn elm, şübhəsiz ki, kainatın mənşəyi haqqında ən doğru məlumatdır.