Materializmin elmi süqutu

Materializmin elmi fikir olduğunu artıq kimsə iddia edə bilməz. (Tanınmış mütəfəkkir Artur Köstler)

 

  • Yaşadığımız ucsuz-bucaqsız kainat necə var olub?
  • Bu kainatdakı müvazinət, ahəng və nizam necə meydana gəlib?
  • Yaşadığımız Yer kürəsi bizim həyatımız üçün necə bu qədər uyğun sığınacaq olub?

Məhz bu suallar tarixin başlanğıcından etibarən insanların diqqətini çəkib. Bu sualları ağılla təhlil edən elm adamları və mütəfəkkirlər daima bu nəticəyə gəliblər: kainatdakı bu nizam bütün kainata hakim olan üstün bir Yaradanın – Allahın varlığının dəlillərindən biridir.
Ağıl, vicdan və dəlillərlə gəldiyimiz bu nəticə tamamilə doğrudur. Allah 14 əsr əvvəl Peyğəmbərimizə (səv) vəhy etdiyi insanlara yolgöstərən Quranda bu həqiqəti bildirir. Allah Quranda kainatı yoxdan yaratdığını və müəyyən məqsəd üçün nizamladığını, kainatdakı bütün sistemi və müvazinətləri insan həyatı üçün var etdiyini xəbər verir.
Allah ayələrində insanı bu mühüm həqiqət üzərində düşünməyə belə çağırır:

 

Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu, onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi, gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı). Sonra yeri döşəyib düzəltdi. (Naziat surəsi, 27-30)

 

Bundan əlavə, Allah kainatdakı üstün sistem və müvazinətləri insan üçün yaratdığını bildirir və insana dərk edərək bunlar üzərində düşünməyə və ibrət götürməyə çağırır:

 

O, gecəni və gündüzü, Günəşi və Ayı sizə ram etdi. Ulduzlar da Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır! (Nəhl surəsi, 12)

 

Qurandakı digər ayədə isə uca Allah belə buyurur:

 

O, gecəni gündüzə, gündüzü də gecəyə qatır. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər. (Fatir surəsi, 13)

 

Quranda xəbər verilən bu həqiqət müasir astronomiyanın banisi olan bir çox tanınmış elm adamı tərəfindən də qəbul edilmişdir. Qaliley, Kepler, Nyuton kimi dühalar kainatın, Günəş sisteminin quruluşunu, fiziki qanunları və müvazinətləri kəşf etdikcə bütün bunların Allah tərəfindən yaradıldığını anlayıblar.

 

Materializm: XIX əsrin xətası

Buraya qədər açıqladığımız Yaradılış tarixin qədim dövlərindən bəri bir fəlsəfi ideologiya tərəfindən həmişə təkzib edilir. Bu ideologiya materializmdir, yəni maddəçilik. İlk dəfə qədim Yunanıstanda ortaya çıxan, sonra da bəzi müxtəlif sivilizasiyalar və şəxslər tərəfindən müəyyən dövrlərdə müdafiə edilən bu ideologiya maddənin sonsuzluqdan bəri mövcud olduğunu iddia edir. Dolayısilə kainatın da sonsuzluqdan bəri var olduğunu, yəni Allah tərəfindən yaradılmadığını irəli sürür (Allahı tənzih edirik).


Materialistlər kainatın sonsuzluqdan bəri mövcud olduğunu müdafiə etməklə yanaşı, kainatda bir məqsəd və xüsusi yaradılmış qüsursuz nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün müvazinət, ahəng və uyğunluğun sadəcə təsadüflərin əsəri olduğunu irəli sürürlər. Bu “təsadüf” iddiası ilə daha sonra canlıların meydana gəlməsi sualını da cavablandırıblar. Təkamül nəzəriyyəsi və ya darvinizm kimi tanınan iddia məhz materializmin təbiətə bu şəkildə tətbiq edilməsindən ibarətdir.


Müasir astronomiyanın banilərinin kainatın Allah tərəfindən yaradıldığına və nizamlandığına iman gətirmiş şəxslər olduğunu bildirmişdik. Ancaq XIX əsrdə elm dünyasında bəzi dəyişikliklər oldu. Materializm bəzi zümrələr tərəfindən qəsdən elm dünyasının gündəminə gətirildi. XIX əsrdəki bir sıra siyasi və sosial şərtlər materializmə dəstək verdiyi üçün bu fəlsəfi ideologiya elm dünyasında da geniş qəbul edilməyə başlandı. Ancaq elmi kəşflər materializmin nə qədər həqiqətdənkənar olduğunu bu gün üzə çıxarıb.

 

XX əsrdə elmin gəldiyi nəticələr

Materializmin kainat haqqında bir az əvvəl qeyd etdiyimiz iki iddiasını xatırlayaq:

  • Kainatın sonsuzluqdan bəri mövcud olması, yəni yaradılmaması.
  • Kainatda heç bir nizamın, planın, məqsədin olmaması, hər şeyin təsadüf məhsulu olması.

XIX əsrdə materialistlərin həmin dövrün ibtidai elmi səviyyəsi ilə müdafiə etdikləri bu iki iddia da XX əsrdəki elmi kəşflərlə təkzib edilmişdir.
Əvvəlcə kainatın sonsuzluqdan bəri gəldiyi iddiası tarixə qarışmışdır. 1920-ci ildən etibarən kainatın quruluşu haqqında əldə edilən məlumatlar kainatın müəyyən zaman əvvəl böyük partlayışla (Biq Bənq) yoxdan var olduğunu sübut etmişdir. Yəni kainat sonsuz deyil, Allah tərəfindən yoxdan yaradılmışdır.
XX əsrdə elmin təkzib etdiyi ikinci iddia isə təsadüf iddiasıdır. 1960-cı ildən etibarən aparılan tədqiqatlar kainatdakı bütün fiziki müvazinətlərin insan həyatı üçün həssaslıqla nizamlandığını ortaya qoymuşdur. Tədqiqatlar dərinləşdikcə kainatdakı fiziki, kimyəvi və bioloji qanunların, cazibə qüvvəsi, elektromaqnetizm kimi əsas qüvvələrin, atomların və elementlərin quruluşunun insan həyatı üçün xüsusi nizamlandığı üzə çıxarılmışdır. Qərbli elm adamları bu qeyri-adi nizamı “antrop prinsipi” (anthropic principle) adlandırırlar. Yəni kainatdakı hər detal insan həyatına xidmət etmək məqsədi ilə yaradılmışdır.
Qısası, dövrümüzdə materializm elmi cəhətdən süqut etmişdir. XIX əsrdə elm adı altında ortaya çıxmış, ancaq qısa müddətdə məhv olmuşdur.
Belə olması da normaldır. Çünki Allahın “Biz göyü, yeri və onların arasındakıları nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!” (Sad surəsi, 27) ayəsində buyurduğu kimi, kainatın nahaq yerə, yəni boş yerə, məqsədsiz yaradıldığı fikri materialistlərin həqiqətdənkənar zənnidir. Bu zənnə əsaslanan hər cür iddianın faktlar qarşısında məhv olması labüddür.
Bu kitabda həmin həqiqətlərin dəlillərini birlikdə təhlil edəcəyik. Materializmin elm qarşısında süqutunu görəcək və kainatın Allah tərəfindən nə qədər üstün və qüsursuz yaradıldığına şahid olacağıq.

 

AĞILLI DİZAYN, yəni YARADILIŞ

Kitabda Allahın mükəmməl yaratmasını vurğulamaq üçün bəzən qarşınıza “dizayn” sözü çıxacaq. Bu sözün hansı məqsədlə işlədildiyi düz başa düşülməlidir. Allahın bütün kainatda qüsursuz dizayn qurması Rəbbimizin əvvəlcə planlaşdırıb sonra yaratması demək deyil. Yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün heç bir dizayna ehtiyacı yoxdur. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın dizayn qurması və yaratması eyni anda olur. Allah bir şeyin və ya bir işin olmasını istədikdə onun olması üçün sadəcə “OL!” deyir. Ayələrdə belə buyurulur:

 

Bir şeyi istədikdə ona təkcə: “Ol!” deyər, o da olar. (Yasin surəsi, 82)

 

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar. (Bəqərə surəsi, 117)