Partlayışdakı tarazlıq

Kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas tarazlıqla müəyyənləşdirilmişdir. Bu səbəbdən Biq Bənq hər hansı partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və nizamlanmış bir formalaşmadır. ( Fizika professoru Pol Devis)

 

Əvvəlki başlıqda kainatın Biq Bənqlə, yəni nəhəng bir partlayışla yoxdan yaradıldığını araşdırdıq. İndi bu məlumatı yadda saxlayaraq düşünək və kainatın hazırkı quruluşunu nəzərdən keçirərək ağıl yürüdək.
Əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, kainatda təxminən 300 milyard qalaktika var. Bu qalaktikaların spiralvarı qalaktikalar, eliptik qalaktikalar kimi müəyyən formaları var. Bu qalaktikaların hər birində bir o qədər də ulduz var. Bu ulduzlardan biri olan Günəşin isə ətrafında böyük harmoniya ilə dövr edən 8 planet var. Bunlardan üçüncüsünün üzərində hal-hazırda birgə yaşayırıq.


Bəs bu kainat sizə bir partlayış nəticəsində təsadüfi olaraq ətrafa səpələnmiş maddə yığını kimi görünürmü? Təsadüfi səpələnən maddə yığını necə nizamlı qalaktikalar meydana gətirə bilər? Niyə maddə müəyyən yerdə sıxlaşıb yığılaraq ulduzları meydana gətirmişdir? Təkcə Günəş sistemindəki həssas tarazlıq belə, qorxunc bir partlayışla yaranmış ola bilərmi? Bu suallar mühüm suallardır və bizi Biq Bənqdən sonra kainatın necə formalaşdığı sualına aparır.
Biq Bənq bir partlayış olduğuna görə, gözlənilən, bu partlayışdan sonra maddənin kosmos boşluğunda "təsadüfi" dağılması olmalıdır. Bu təsadüfi dağılan maddənin kainatın müəyyən yerlərində toplanıb qalaktikalar, ulduzlar və ulduz sistemləri meydana gətirməsi isə bir buğda anbarına atılan bir qumbaranın, buğdaları toplayıb, nizamlı tayalayıb üst-üstə yığması qədər "anormal"dır. Uzun illər böyük partlayış nəzəriyyəsinə qarşı çıxmış ser Fred Hoyl bu vəziyyət qarşısındakı heyrətini belə ifadə edir:


“Biq Bənq nəzəriyyəsi kainatın tək və böyük bir partlayışla başladığını qəbul edir. Lakin bildiyimiz kimi partlayışlar maddəni dağıdar və nizamlaşsızdırar. Halbuki Biq Bənq çox əsrarəngiz şəkildə bunun tam əksinə təsir yaratmışdır: maddəni bir-biriylə birləşəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir”.


Həqiqətən də, Biq Bənqlə meydana gələn maddə "fövqəladə" şəkildə forma və nizam almışdır. Belə bir nizamın meydana gələ bilməsi isə bizi tək bir həqiqətə aparır: kainatın üstün qüdrət sahibi Allah tərəfindən mükəmməl şəkildə yaradıldığı həqiqətinə ...
Bu fəsildə həmin bu mükəmməlliyi və fövqəladəliyi birlikdə araşdıracağıq.

 

Partlayışın sürəti
Biq Bənq məfhumunu eşitmiş, lakin mövzunu çox araşdırmamış insanlar kainata başlanğıc verən bu partlayışın arxasında fövqəladə hesablama olduğunu o qədər də düşünməzlər. Çünki "partlayış" məfhumu adından da göründüyü kimi, insana nizam, hesablama, plan məfhumu təəssüratı verməz. Halbuki Biq Bənqdə heyranlıq oyandıracaq qədər həssas tənzimləmə var.
Bu tənzimləmənin bir hissəsi partlayışın sürətidir. Böyük partlayışla birlikdə yaranan maddə, əlbəttə ki, ətrafa dəhşətli bir sürətlə yayılmağa başlamışdır. Lakin burada bir məqama diqqət yetirilməlidir. Partlayışın bu ilk anında həm də şiddətli cazibə qüvvəsi var. Bu, bütün kainatı bir nöqtədə toplaya biləcək qədər böyük bir cazibə qüvvəsidir.


Dolayısilə Biq Bənqin ilk anında bir-birinə zidd olan iki gücdən bəhs edilməlidir: partlayışın gücü və bu partlayışa müqavimət göstərən, maddəni yenidən bir yerə toplamağa çalışan cazibə qüvvəsi. Kainat bu iki güc arasında müəyyən tarazlıq meydana gəldiyi üçün yarandı. Əgər ilk anda cazibə qüvvəsi partlayışın gücünü üstələsəydi o zaman kainat genişlənə bilmədən təkrar içinə çökəcəkdi. Yox əgər bunun əksi baş versəydi, yəni partlayış gücü cazibə qüvvəsini üstələsəydi bu dəfə maddələr bir daha əsla birləşə bilməyəcək şəkildə dağılardı.


Bəs bu tarazlıq nə qədər həssas idi? İki güc arasında hansı səviyyədəki fərqə icazə verilə bilərdi?
Avstraliyadakı Adelaida Universitetindən tanınmış riyazi fizika professoru Pol Devis bu sualı cavablandırmaq üçün uzun hesablama işləri apardı və heyrətamiz nəticə əldə etdi: Devisə görə, böyük partlayışdan sonra yaranan genişlənmə sürəti, əgər milyard dəfə milyardda bir qədər (10-18) belə fərqli olsaydı kainat yaranmazdı. Devis bu nəticəni belə izah edir:


“Hesablamalar, kainatın genişlənmə sürətinin çox kritik ölçüdə olduğunu göstərir. Əgər kainat bir qədər də yavaş genişlənsəydi cazibə qüvvəsindən ötrü içinə çökəcək, əgər bir qədər sürətlə genişlənsəydi kosmik material tamamilə dağılıb yox olacaqdı. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər "yaxşı hesablanmış" olduğu sualının cavabı çox qəribədir. Əgər partlayış sürətinin müəyyən vəziyyətə gəldiyi vaxtda, bu sürət həqiqi sürətindən yalnız 10-18 qədər belə fərqlənsəydi, bu lazımi tarazlığı yox etməyə kifayət edəcəkdi. Dolayısilə kainatın partlayış sürəti inanılmaz dərəcədə həssas tarazlıqla müəyyənləşdirilmişdir. Bu səbəbdən Biq Bənq hər hansı partlayış deyil, hər cəhətdən çox yaxşı hesablanmış və nizamlanmış bir formalaşmadır”.


Kainatın başlanğıcındakı bu möhtəşəm tarazlıq tanınmış “Science” jurnalında dərc olunmuş bir məqalədə isə belə ifadə edilir:


Əgər kainat maddəmizin sıxlığı, bir qədər də artıq olsaydı, o zaman Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə, kainat, atom zərrəciklərinin bir-birlərini cəzb etmə qüvvələrindən ötrü qətiyyən genişlənə bilməyəcək və yenidən kiçilərək kiçik bir nöqtəyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər də az olsaydı, o zaman kainat son sürətlə genişlənəcək, lakin bu təqdirdə atom zərrəcikləri bir-birlərini cəzb edib bir yerə toplana bilməyəcək və ulduzlarla qalaktikalar heç vaxt meydana gələ bilməyəcəkdi. Təbiidir ki, bizdə olmayacaqdıq! Aparılan hesablamalara görə, kainatımızın başlanğıcdakı həqiqi sıxlığıyla özündən kənarda yaranma imkanı olmayan kritik sıxlığı arasındakı fərq, yüzdə birin bir kvadrilyonundan azdır. Bu, bir qələmi iti ucu üzərində bir milyard il sonra belə dayana biləcək şəkildə yerləşdirməyə bənzəyir... Üstəlik, kainat genişləndikcə, bu tarazlıq daha da həssaslaşır.


Stiven Hokinq  də hər nə qədər kainatın mənşəyinə təsadüflərlə izah gətirməyə çalışsa da “Zamanın qısa tarixi” adlı əsərində kainatın genişlənmə sürətindəki bu fövqəladə tarazlığı belə qəbul edir:


“Kainatın genişlənmə sürəti o qədər kritik bir nöqtədədir ki, Biq Bənqdən sonrakı birinci saniyədə bu nisbət yüz min milyon dəfə milyonda bir qədər kiçik olsaydı belə, kainat indiki vəziyyətinə gəlmədən içinə çökəcəkdi”.


Bəs bu qədər fövqəladə bir tarazlıq nəyi göstərir? Əlbəttə ki, belə həssas bir tənzimləməni təsadüflə izah etmək olmaz və bu yaradılışı sübut edər. Pol Devis, əslində, materialist yanaşma tərzini mənimsəyən bir fizik olmasına baxmayaraq bu həqiqəti belə qəbul edir:


“Çox kiçik rəqəm dəyişmələrinə həssas olan kainatın hazırkı quruluşunun çox diqqətli bir şüur tərəfindən yaradıldığına qarşı çıxmaq çox çətindir... Təbiətin ən təməl tarazlıqlarındakı həssas ədədi tarazlıqlar kosmik dizaynın varlığını qəbul etmək üçün, olduqca güclü dəlildir".

 

Dörd qüvvə
Əslində, Biq Bənqin sürəti kainatın ilk anında yaranan ədədi tarazlıqların yalnız bir nümunəsidir. Biq Bənqdən sonra, hazırda içində yaşadığımız kainatın quruluşunu müəyyən edən "ölçülər" ortaya çıxarmışdır və bunlar üçün tam lazımi qiymətlər müəyyənləşdirilmişdir.
Bu ölçülər, bu gün müasir fizikanın qəbul etdiyi "dörd əsas qüvvə"dir. Kainatdakı bütün fiziki hərəkətlər və strukturlar, bu dörd qüvvənin bir-biri ilə əlaqəsi və tarazlığı sayəsində yaranır. Bunlar: cazibə qüvvəsi, elektromaqnit qüvvə, güclü nüvə qüvvəsi və zəif nüvə qüvvəsidir. Güclü və zəif nüvə qüvvələri yalnız atomun quruluşunu müəyyənləşdirir. Digər iki qüvvə, yəni cazibə və elektromaqnit qüvvələri isə atomlar arasındakı əlaqəni və dolayısilə bütün maddi obyektlər arasındakı tarazlığı müəyyənləşdirərlər. Bu dörd əsas qüvvə Biq Bənqdən sonra yaranmışdır və kainata dağılan maddə bu dörd əsas qüvvə əsasında müəyyənləşdirilmişdir.


Lakin qəribə olan bu qüvvələrin bir-biriylə müqayisə edilməsi vaxtı, ortaya çıxan mənzərədir. Çünki bu qüvvələr, bir-birlərindən görünməmiş dərəcədə müxtəlif qiymətlərə sahibdirlər. Əgər bütün bu qüvvələrin bir-birlərinə olan nisbətlərini ortaq vahiddən istifadə edərək söyləmək istəsək, belə yazmalı olarıq:

Güclü nüvə qüvvəsi: 15
Zəif nüvə qüvvəsi: 7,03 x 10-3
Cazibə qüvvəsi: 5,90 x 10-39
Elektromaqnit qüvvə: 3,05 x 10-12
Diqqət yetirilsə, yuxarıdakı ədədlər arasında çox böyük fərqlər var. Məsələn, güclü nüvə qüvvəsinin qiyməti, cazibə qüvvəsinin qiymətindən təxminən "milyard dəfə milyard dəfə milyard dəfə milyard dəfə milyard" qədər daha böyükdür. Bəs görəsən bu qədər fərqli bir güc bölgüsünün məqsədi nədir?
Tanınmış molekulyar bioloq Maykl Denton “Təbiətin taleyi: Biologiya qanunları kainatdakı məqsədi necə göstərir” (“Nature's destiny: How the laws of biology reveal purpose in the universe”) adlı kitabında bu sualı belə cavablandırır:


“Əgər cazibə qüvvəsi bir trilyon qat daha güclü olsaydı, o zaman kainat olduqca kiçik bir yer olardı və ömrü də olduqca qısa olardı. Orta bir ulduzun kütləsi, hazırkı Günəşimizin kütləsindən bir trilyon qat daha kiçik olardı və ömür müddəti də təxminən bir il olardı. Eləcə də, cazibə qüvvəsi bir qədər belə daha zəif olsaydı, qətiyyən heç bir ulduz və ya qalaktika meydana gələ bilməzdi. Digər qüvvələr arasındakı tarazlıqlar da olduqca həssasdır. Əgər güclü nüvə qüvvəsi bir qədər belə daha zəif olsaydı, o zaman kainatda təkcə hidrogen atomu qalardı. Başqa heç bir atom ola bilməzdi. Əgər güclü nüvə qüvvəsi, elektromaqnit qüvvəyə nisbətən bir qədər belə daha güclü olsaydı, o zaman da kainatda təkcə nüvəsində iki protonu olan bir atom qalardı. Belə olan halda, kainatda heç bir hidrogen atomu olmayacaq, ulduzlar və qalaktikalar, yaransalar belə, hazırkı quruluşlarından çox fərqli olacaqdılar. Açığı budur ki, bu əsas qüvvələr və dəyişənlər hazırki qiymətlərə sahib olmasaydılar, heç bir ulduz, ifrat yeni ulduz, planet və atom olmayacaqdı. Həyat da olmayacaqdı”.


Pol Devis isə kainatdakı əsas fizika qanunlarının insan həyatına ən uyğun şəkildə müəyyənləşdirilmiş olduğu həqiqəti qarşısında bunları söyləyir:
“Əgər təbiət bir qədər də fərqli ədədi qiymətlər seçmiş olsaydı, kainat olduqca fərqli bir yer olacaqdı. Həmçinin böyük ehtimalla onu görmək üçün, biz burada olmayacaqdıq... Eləcə də, insan kosmologiyanı araşdırdıqca inanılmazlıq getdikcə daha da nəzərə çarpır. Kainatın başlanğıcı haqqındakı son tapıntılar genişlənməkdə olan kainatın heyranedici həssaslıqla nizamlanmış olduğunu göstərir”.


Böyük partlayışın böyük sübutu olan kosmik fon radiasiyasını ilk dəfə Robert Uilsonla birlikdə müşahidə aparan və bundan ötrü də 1965-ci ildə Nobel mükafatı qazanan Arno Penzias kainatdakı bu fövqəladə nizam qarşısında bu açıqlamanı vermişdir:


Astronomiya bizi kainatın yoxdan yaradılmış olması kimi unikal hadisə ilə qarşılaşdırır. Bu, həyatın mövculuğu üçün tam lazım olan şərtləri təmin edəcək çox incə müvazinətli bir hadisədir. Hansı ki, bu hadisənin təməlində (“fövqəltəbii” deyə biləcəyimiz) bir plan dayanır.


Bura qədər özlərindən sitat gətirdiyimiz elm adamları mühüm bir həqiqəti görüblər. Kainatdakı heyrətamiz tarazlıqları və nizamı araşdıran hər insanın qarşısına çıxan bu həqiqət olduqca açıqdır: bütün kainatda üstün bir yaradılış, mükəmməl bir nizam özünü göstərir. Bu nizamı meydana gətirən, əlbəttə ki, hər şeyi mükəmməl şəkildə yaradan Allahdır. Allah kainatın yaradılışındakı nizam və "müəyyən ölçüylə" hesablanmış tarazlıqlar barədə bir ayəsində belə buyurur:

 

Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə övlad götürməmişdir və mülkündə də şəriki olan yoxdur. O, bütün şeyləri nizamlı və müəyyən ölçüdə xəlq etmişdir. (Furqan surəsi, 2)

 

Ehtimal hesablamaları "təsadüf"ü yalanlayır
Buraya qədər araşdırdığımız məlumatlar kainatın böyük partlayışdan dərhal sonra qərarlaşan ədədi tarazlıqların insan həyatı üçün fövqəladə şəkildə uyğun olduğunu göstərir. Partlayış sürəti dörd əsas qüvvənin qiymətləri və sonrakı hissələrdə araşdıracağımız bütün digər dəyişənlər, yaşanıla biləcək bir kainatın yaranması üçün münasibdir və bu münasiblik görünməmiş həssaslıqla müəyyənləşdirilmişdir. Bu məqamda materializmin "təsadüf" iddiasını nəzərdən keçirək. Təsadüf riyazi bir termindir və bir şeyin təsadüfən gerçəkləşib-gerçəkləşməyəcəyi ehtimal hesablamalarıyla aydın olur. Biz də ehtimal hesablamalarına nəzər salaq.


Görəsən bizə yaşamaq imkanı verən bir kainatın təsadüfən yaranma ehtimalı bütün fiziki dəyişənlər nəzərə alındığı təqdirdə neçədir? Milyard dəfə milyardda birdirmi? Yaxud trilyon dəfə trilyon dəfə trilyon ehtimalda birmi? Yaxud da daha böyük bir rəqəmdirmi?


Bu ədədi tanınmış ingilis riyaziyyatçısı (həmçinin Hokinqin yaxın iş yoldaşı) Rocer Penrouz hesablamışdır. Bütün fiziki dəyişənləri nəzərə almış, bunların neçə müxtəlif şəkildə düzülə biləcəyinə diqqət yetirmiş və içərisində canlıların yaşaya biləcəyi bir mühit meydana gəlməsinin, Biq Bənqin digər mümkün nəticələri çərçivəsində neçədə neçə ehtimal olduğunu müəyyənləşdirmişdir.


Penrouzun tapdığı ehtimal, 10123 də bir ehtimaldır!
Bu ədədin nə demək olduğunu düşünmək belə çətindir. Riyaziyyatda 10123 şəklində yazılan bir ədəd, 1-in yanına 123 ədəd sıfırın yazılmasıyla meydana gələr (bu kainatdakı bütün atomların ümumi sayından, yəni 1078-dən belə böyük, astronomik bir rəqəmdir). Lakin Penrouzun tapdığı ədəd, bundan qat-qat böyükdür. Çünki Penrouzun tapdığı ədəd, 10123 ədəd sıfırın 1-in yanına yazılmasıyla meydana gəlir.


Bu ədədi bir neçə nümunə ilə də izah edə bilərik: 103, 1000 ədədini ifadə edir. 10 üstü 103 isə 1 rəqəminin yanına 1000 ədəd sıfırın yazılmasıyla meydana gələn ədəddir. 1-in yanına 9 ədəd sıfır yazılsa, bu bir milyard edər. 12 ədəd sıfır yazılsa, bu dəfə 1 trilyon olar. Lakin burada 1-in yanına 10123 ədəd sıfır yazılır ki, bunun riyaziyyatda belə bir tərifi, adı yoxdur.
Riyaziyyatda 1050-də 1-dən daha kiçik ehtimallar "sıfır ehtimal" sayılır. Lakin bəhs olunan ədəd, 1050-də 1-in trilyon dəfə trilyon dəfə trilyon qatından belə olduqca böyükdür. Bir sözlə, bu ədəd bizə, kainatın yaranmasına təsadüflə izah gətirilməsinin qətiyyən qeyri-mümkün olduğunu göstərir. Rocer Penrouz ağlın qavrama hüdudlarından çox kənara çıxan bu ədəd barədə bunları söyləyir:


“Bu ədəd, yəni 1010123-də bir ehtimal bizə Yaradıcının məqsədinin nə qədər qəti və aydın olduğunu göstərir. Bu həqiqətən də, fövqəladə ədəddir. Heç kəs bunu natural ədədlər şəklində belə yazmağı bacara bilməz, çünki o, 1-in yanına 10123 ədəd sıfır yazmalı olacaq. Əgər kainatdakı bütün protonların və bütün neytronların üzərinə bir ədəd sıfır yazsa belə, yenə də bu ədədi yazmaqdan çox-çox geridə qalacaq”.


Kainatdakı tarazlıq və nizamı təsvir edən bu kimi rəqəmlər bizim qavrama hüdudumuzdan kənara çıxarlar, lakin çox mühüm bir funksiya yerinə yetirirlər. Kainatın əsla təsadüf məhsulu olmadığını sübut edər və Penrouzun ifadə etdiyi kimi, bizə "Yaradıcının məqsədinin nə qədər qəti və aydın olduğunu" göstərərlər. Əslində, kainatın "təsadüf məhsulu" olmadığını anlaya bilmək üçün bura qədər qeyd etdiyimiz ehtimalların bilinməsinə də ehtiyac yoxdur. Çünki ətrafına belə nəzər salan hər insan, kainatda gördüyü açıq-aydın yaradılışı qavraya bilər. Əlbəttə ki, təsadüfi bir partlayışdan sonra, atomların öz-özünə düzülməsi ilə belə mükəmməl bir kainat, kainat içindəki sistemlər, Günəş, Yer və onun üzərindəki insanlar, evlər, avtomobillər, ağaclar, heyvanlar, güllər, həşərat və digərləri meydana gələ bilməz. Gözümüzü döndərdiyimiz hər yerdə gördüyümüz təfərrüatlar yaradılışın və Allahın üstün qüdrətinin dəlilləridir. Lakin bu dəlilləri düşünən insanlar qavraya bilər:

 

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləkləri əsdirməsində və göylə yer arasında ram edilmiş buludları hərəkət etdirməsində, düşünən insanlar üçün dəlillər var. (Bəqərə surəsi, 164)

 

Açıq olanı görmək
Bura qədər araşdırdığımız kimi, XX əsr elmi kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. Kitabın giriş hissəsində qeyd etdiyimiz "antrop prinsipi" (“anthropic principle”) məfhumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.


Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və "kainat təsadüflə izah oluna bilməz" nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində, bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Əvvəlki səhifələrdə sözlərini nəql etdiyimiz Pol Devis, Arno Penzias, Fred Hoyl, Rocer Penrouz kimi elm adamlarının heç biri dindar elm adamları deyil. Elmlə məşğul olarkən Allahın varlığına dəlil axtarmaq niyyəti ilə hərəkət etməyiblər. Lakin hamısı, bəlkə də əksəriyyəti bunu heç istəmədiyi halda, kainatın yalnız fövqəladə yaradılışla izah olunacağı nəticəsinə gəlibdirlər. Amerikalı astronom Corc Qrinşteyn “Simbioz kainat” (“The Symbiotic Universe”) adlı kitabında bu həqiqəti belə etiraf edir:


“Bu, (fizika qanunlarının həyat üçün xüsusi olaraq yaradılmış olması) necə mümkün ola bilər?.. Dəlilləri araşdırdıqca, həmişə mühüm bir həqiqətlə qarşılaşırıq: bir fövqəltəbii Ağıl işə qarışmış olmalıdır. Yoxsa görəsən bir anda, heç də bu niyyəti güdməməmizə baxmayaraq, ilahi bir Varlığın olduğuna dair elmi dəlillərləmi üz-üzə gəlirik?”


Bir ateist olan Qrinşteyn "görəsən" deyə başlayan sualıyla, gördüyü açıq-aydın həqiqəti anlamazlıqdan gəlməyə çalışır. Lakin mövzuya daha ön mühakiməsiz yaxınlaşan bir çox elm adamı, kainatın Allah tərəfindən insanın yaşaması üçün xüsusi olaraq yaradıldığını qəbul edir. Amerikalı astrofizik Hyu Ross "Dizayn və antrop prinsipi" (“Design and the Anthropic Principle”) başlıqlı bir məqaləsini bu sözlərlə bitirir:


“Ağıllı və üstün bir Yaradıcı kainatı yoxdan yaratmış olmalıdır. Ağıllı və üstün bir Yaradıcı kainatı dizayn etmiş olmalıdır. Ağıllı və üstün bir Yaradıcı Yer planetini dizayn etmiş olmalıdır. Eləcə də, ağıllı və üstün bir Yaradıcı həyatı dizayn etmiş olmalıdır”.


Beləliklə də, elm yaradılışı sübut edir: Allah vardır və ətrafınızda gördüyünüz və ya görə bilmədiyiniz bütün varlıqların Yaradıcısıdır. O, göylərin və yerin, kainatdakı böyük tarazlıq və nizamın yeganə sahibidir.


Materializm isə artıq elmin hüdudlarından sıxışdırılıb çıxardılmış batil bir inanc kimi yaşayır. Amerikalı genetik Robert Qriffits (Robert Griffiths), bu həqiqəti: “Mübahisə etmək üçün bir ateist axtardığım zaman (universitetdəki) fəlsəfə fakultəsinə gedirəm. Fizika fakultəsindən artıq bu cür şəxslər çıxmır” deyərək zarafatla ifadə edir.29 Bir sözlə, kainatdakı hansı fiziki qanun, hansı dəyişən araşdırılsa, bunların insanın yaşamasına imkan verə biləcək xüsusi qiymətlərə sahib olduğu görülür. Pol Devis bunun nəticəsini “Kosmik plan” (“The Cosmic Blueprint”) adlı kitabının son abzasında "bir dizayn olduğu düşüncəsi sarsıdıcı şəkildə qalib gəlir" deyə bildirir.


Əlbəttə ki, kainatın "dizayn olunmuş" olması, Allah tərəfindən yaradılıb nizamlanmış olması deməkdir. Kainatdakı həssas tarazlıqlar, canlı-cansız bütün varlıqlar Allahın üstün yaratma sənətinin açıq-aydın dəlillərindəndir. Hal-hazırda elmin gəldiyi bu nəticə isə Quranda bundan 14 əsr əvvəl bildirilmiş bir həqiqətin müəyyənləşdirilməsindən başqa bir şey deyil. Bu həqiqət Quranda belə bildirilir

 

Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər ucadır. (Əraf surəsi, 54)